Rezidentlər üçün laparoskopik cərrahiyyə üzrə təlim keçirilib

Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) rezidentlər üçün laparoskopik cərrahiyyə üzrə təlim təşkil olunub.
Tədbiri giriş sözü ilə açan ADHTİ-nin rektoru, professor Nazim Qasımov cərrahiyyədə laparoskopik diaqnostika və müalicə metodlarının üstünlüklərindən danışıb. Son illərdə Səhiyyə Nazirliyinin bu metodikaları yüksək səviyyədə mənimsəmiş kadrların hazırlanmasını vacib vəzifə kimi qarşıya qoyduğunu söyləyən N.Qasımov indiyədək 100-dən çox müdavimin ADHTİ-də laparoskopiya üzrə kurslarda iştirak etdiyini və həmin əməliyyatların aparılması texnikasını öyrəndiyini bildirib: “Hazırladığımız həkim-mütəxəssislər yerlərdə bu tip əməliyyatları müvəffəqiyyətlə yerinə yetirirlər. Onlar laparoskopik metodları xarici ölkələrdə deyil, məhz ADHTİ-nin bazasında, son üç ildə təşkil olunmuş ixtisasartırma kursları və treninqlər vasitəsilə mənimsəyiblər. Ümumi cərrahiyyə ixtisası üzrə təhsil alan rezidentlər üçün keçirdiyimiz laparoskopik cərrahiyyə üzrə bu təlim də tələbatın böyük olduğu nəzərə alınaraq təşkil edilib”.
Təlim öz işini plenar iclaslarla davam etdirib. “İxtisaslaşmış cərrahiyyədə laparoskopiyanın yeri və perspektivləri”, “Laparoskopik cərrahiyyənin dünəni, bu günü və sabahı: reallıqlar və perspektivlər”, ”Urologiyada laparoskopiyanın yeri” mövzularında məruzələr dinlənilib, suallar cavablandırılıb.
Sonra təlim iştirakçıları üçün laparoskopik cərrahiyyənin əsasları üzrə təcrübi məşğələlər təşkil olunub. Cərrahi texnikalar haqqında məlumat alan rezidentlər mülyajların üzərində və simulyatorlarda laparaskopik alətlərin köməyi ilə cərrahi əməliyyatlar aparıblar. Növbəti günlərdə təlim iştirakçıları laparoskopik cərrahiyyənin aktual məsələlərinə dair açıq mühazirələri və videomühazirələri dinləyiblər. Onlara həmçinin canlı əməliyyatlar da nümayiş olunub.
Təlimin özəlliyi həm də onda olub ki, rezidentlərlə yanaşı, eyni zamanda, təlimçilər (moderator və instruktorlar) üçün də təlim proqramı hazırlanıb və onlara da xüsusi hazırlıq məşğələləri keçilib.
Sonda xüsusi hazırlanmış metodla təlimçilərin təlim və didaktiv qabiliyyətləri qiymətləndirilib. Eyni zamanda, rezidentlərin təcrübi vərdişləri və nəzəri baza biliklərinin səviyyəsi də müəyyən edilib. İştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
Xəbəri paylaş