Gələcəyin həkimləri universitet həyatı ilə vidalaşıblar

“Gülüstan” sarayında Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinin “Məzun günü” keçirilib. Tədbirdə Milli Məclisin deputatları, tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri və digər qonaqlar iştirak ediblər.
Səhiyyə naziri Oqtay Şirəliyev təntənəli mərasimdə təbrik nitqi ilə çıxış edərək, “Məzun günü”nün gələcəyin həkimlərinin yaddaşında gözəl bir gün kimi qalacağını bildirib: “Həyatınızın ən yaddaqalan dövrü – tələbəlik illəri bitir, özünüz seçdiyiniz sevimli sənətlə məşğul olmaq üçün sərbəst həyata addım atırsınız. Hər kəs üçün seçdiyi sənət, peşə maraqlıdır. Amma həkim diplomunu almaq daha məsuliyyətlidir. Çünki insanlar həkimlərə sağlamlıqlarını, çox vaxt isə hətta həyatlarını etibar edirlər”.
Nazir Azərbaycanda dövlət tərəfindən səhiyyə sahəsinə həmişə xüsusi diqqət yetirildiyini vurğulayıb: “Prezident İlham Əliyevin təşəbbüsü ilə yüzlərlə yeni xəstəxanalar, tibb müəssisələri, o cümlədən tədris klinikaları tikilib, bu müəssisələr unikal avadanlıqlarla təchiz olunub. Bu gün bizim həkimlər Avropada və digər ölkələrdə keçirilən müxtəlif simpoziumlarda, tədbirlərdə iştirak edirlər”. O, gənclərə tibb sahəsindəki görkəmli alimlərimiz və mütəxəssislərimizin təcrübəsindən yararlanmağı tövsiyə edib. “Siz bu gün böyük həkim ailəsinə qoşulursunuz. Seçdiyiniz sənət bəzən ağır, çətin olacaq, amma daim xeyirxah olacaq. Sənətdə addımlarınız uğurlu olsun”, - deyə O.Şirəliyev məzunları təbrik edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə ATU-nun yüksək ixtisaslı mütəxəssis hazırlığında əldə etdiyi uğurların təməlinin 86 il bundan öncə qoyulduğunu deyib, universitetin müasir klinikalarının yaradılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladıb.
Universitetin rektoru, professor Gəray Gəraybəyli gələcəyin həkimlərinə tutduqları bu müqəddəs peşə yolunda uğurlar arzulayıb. Qeyd olunub ki, bu il Azərbaycan Tibb Universitetini 962 nəfər bitirir. Onlardan 71 nəfəri ATU-nun Hərbi tibb fakültəsinin məzunu, 83 nəfəri əczaçı-bakalavrdır. Builki məzunlar arasında 50 nəfər hərbi-feldşer də var. Məzunların 84 nəfəri xarici ölkə vətəndaşıdır. ATU-nu fərqlənmə diplomu ilə bitirən 10 nəfərdən 3-ü Prezident təqaüdçüsüdür. Hazırda ATU-da 661 nəfər xarici ölkə vətəndaşı təhsil alır. Onlar 22 xarici ölkəni təmsil edirlər. Universitetin hazırlıq kursunda 175 müdavim təhsil alır.
Sonra məzunlar Hippokrat andı içiblər. Onlar xalqımızın sağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz veriblər.
Tədbir tanınmış sənət adamlarının çıxışı ilə davam edib. ATU-nun tələbələri də sənətçilərlə eyni səhnəni bölüşüblər. Universitetin Hərbi tibb fakültəsinin tələbələri vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Xəbəri paylaş