Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib

Milli Məclisin Səhiyyə Komitəsinin növbəti iclasında komitə sədri Əhliman Əmiraslanov əvvəlcə gündəlikdəki “Dərman vasitələri haqqında” Qanunda edilən dəyişikliklərlə bağlı məlumat verib. O vurğulayıb ki, ölkəmizdə son vaxtlar dərman vasitələrinin keyfiyyətinin artırılması, qiymətlərinin tənzimlənməsi, dərman idxalı sahəsində mövcud olan problemlərin aradan qaldırılması üzrə xeyli iş görülüb. Əvvəllər dərman bazarında pərakəndəlik hökm sürdüyünü, eyniadlı dərman vasitələrinin hər aptekdə fərqli qiymətə satıldığını söyləyən Ə.Əmiraslanov son vaxtlar bu sahədə aparılan təkmilləşdirmə işləri və islahatlar sayəsində qiymətlərin nəzərəçarpacaq dərəcədə nizama salındığını deyib: “Dövlət başçısı İlham Əliyevin xüsusi tapşırığı ilə Tarif Şurası dərman preparatlarının qiymətini tənzimləyir. Bu baxımdan “Dərman vasitələri haqqında” Qanuna müəyyən dəyişikliklərin edilməsi zəruridir. Təklif olunan dəyişikliklər təsdiq olunan qiymətlərə nəzarəti təmin etmək və bu sahədə məsuliyyəti gücləndirmək məqsədi daşıyır”.
Komitə sədri eyni məqsədlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişikliklərin təklif edildiyini bildirib. Məcəlləyə təklif olunan dəyişikliklərə əsasən, keyfiyyətsiz, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitən, dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş dərman vasitələrinin bilərəkdən satışı, satış məqsədilə saxlanması və idxalı həyata keçirilərsə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə ediləcəklər.
Müzakirələr zamanı deputatlar Musa Quliyev, Kəmaləddin Qafarov, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, İlham Məmmədov, Sədaqət Vəliyeva hər iki sənədlə bağlı yeni təkliflərini səsləndiriblər. Tarif Şurasının, Səhiyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələri komitə üzvlərini maraqlandıran sualları cavablandırıblar.
Sonda hər iki qanun layihəsi müəyyən boşluqların aradan qaldırılması şərti ilə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xəbəri paylaş