Akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən, ölkəmizdə görkəmli alim, dövlət xadimi və səhiyyə təşkilatçısı, akademik Vəli Yusif oğlu Axundovun 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilib.
Yubiley tədbirlərindən biri akademikin adını daşıyan Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunda baş tutub. İnstitutun kollektivi və Vəli Axundovun ailə üzvləri əvvəlcə II Fəxri xiyabanda onun məzarını ziyarət edib, xatirəsini anıblar.
Tədbirdə giriş sözü ilə çıxış edən institutun direktor müavini Həqiqət Qədirova hələ 20 il bundan əvvəl ulu öndərin Sərəncamı ilə Vəli Axundovun 80 illik yubileyinin keçirilməsini xatırladıb.
İnstitutun elmi katibi Məşuqə Əlili Azərbaycan elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında böyük xidmətləri olan Vəli Axundovun həyatı və elmi-ictimai fəaliyyəti haqqında məruzə edib.
Akademik Böyükkişi Ağayev unudulmaz alimlə bağlı xatirələrini bölüşüb, onun həm dövlət işində, həm də elmdə qazandığı uğurlardan danışıb.
Digər çıxış edənlər də Vəli Axundovu müxtəlif məsul vəzifələrdə çalışdığı uzun illər ərzində təqdirəlayiq fəaliyyət göstərən ictimai xadim, respublikada səhiyyə işinin təşkilinə töhfə verən alim kimi səciyyələndiriblər.
Akademik Vəli Axundovun 100 illik yubileyi ilə bağlı digər tədbir Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, Azərbaycan elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında Vəli Axundovun böyük xidmətləri var.
Səhiyyə Nazirliyinin epidemiologiya üzrə baş mütəxəssisi, ATU-nun Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev alimin şərəfli ömür yolundan, geniş elmi və ictimai fəaliyyətindən, xalqımız qarşısında xidmətlərindən söhbət açıb, tədbir iştirakçılarına akademikin həyat və fəaliyyətinin əsas mərhələləri haqqında məlumat verib.
Digər çıxış edənlər görkəmli alim haqqında xatirələrini bölüşüb, onun elmi nailiyyətlərindən danışıblar. Ölkəmizdə elm və səhiyyənin, iqtisadiyyatın, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında V.Axundovun mühüm rolu olduğu vurğulanıb, onun istedadlı təşkilatçı, ictimai və dövlət xadimi olduğu qeyd edilib.
Hər iki tədbirin sonunda Vəli Axundovun həyatı və ictimai-siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Alimin qızı Nigar Axundova atasının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Xəbəri paylaş