“Elektron tibbin multidissiplinar problemləri”

Bakıda ilk dəfə bu mövzuda konfrans təşkil edildi
Müasir dövrdə tibb elminin və səhiyyə sisteminin inkişafı yüksək texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, qabaqcıl dünya ölkələrində səhiyyənin informatikləşdirilməsi, elektron tibb xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması üzrə işlər gedir.
Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər, rəqəmsal texnologiyaların tibbi praktikaya tətbiqinin perspektivləri və səhiyyə xidmətlərinin təkmilləşdirilməsində onların rolu ölkəmizdə ilk dəfə keçirilən “Elektron tibbin multidissiplinar problemləri” mövzusunda I Respublika elmi-praktik konfransında müzakirə olundu. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan, ölkəmizin müvafiq dövlət qurumları rəhbərlərinin, ali təhsil müəssisələrində və AMEA institutlarında çalışan informasiya texnologiyaları və təbabət üzrə aparıcı alim və mütəxəssislərin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi tədbir elektron səhiyyənin formalaşdırılmasına elmi dəstək verilməsi və prioritetlərin müəyyənləşdirilməsi, bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi, eləcə də xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə davamlı əməkdaşlıq əlaqələrinin təşkili məqsədi daşıyırdı.
Konfransı giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu tədbiri Azərbaycan səhiyyəsi və elmi, bütövlükdə ölkə ictimaiyyəti üçün mühüm hadisə kimi dəyərləndirdi. Elektron təbabətin formalaşması problemlərinin müxtəlif aspektləri ilə məşğul olan alim və mütəxəssislərin bir araya gəlməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından konfransın böyük əhəmiyyət daşıdığını dedi, bu sahədə mövcud problemlərin həllinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Səhiyyə sisteminin müasir tələblərə uyğunlaşdırılması, yüksək keyfiyyətli tibb xidmətinin göstərilməsi üçün innovativ texnologiyalardan geniş istifadənin vacib şərtlərdən olduğunu bildirən akademik A.Əlizadə informasiya-kommunikasiya texnologiyalarının (İKT) müxtəlif sferalarda, o cümlədən tibbdə tətbiqinin Prezident İlham Əliyev tərəfindən prioritet sahə kimi müəyyənləşdirildiyini vurğuladı, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əsas istiqamətlərindən birinin də məhz elektron səhiyyə sisteminin formalaşdırılması, İKT-nin səhiyyədə tətbiqinin genişləndirilməsi olduğunu söylədi.
Akademiyada bu istiqamətdə aparılan elmi tədqiqatlardan söz açan AMEA prezidenti bildirdi ki, prioritet elmi mövzular arasında biologiya və tibb sahəsində dünyanın yeni çağırışlarına uyğun araşdırmalar əsas hədəflərdəndir. Buna misal olaraq kök hüceyrə, molekulyar biologiya və təbabət, tibbdə kompüter texnologiyaları, yeni dərman vasitələri və s. kimi müasir elmi istiqamətləri göstərən akademik A.Əlizadə ölkədə biotibbi informatika, elektron tibb problemləri ilə bağlı ayrı-ayrı elmi mərkəzlərdə tədqiqatlar aparıldığını, müxtəlif klinikalarda elektron tibbin formalaşdırılması üzrə praktiki işlərin həyata keçirildiyini və bir sıra nailiyyətlərin əldə olunduğunu vurğuladı, eyni zamanda, bu sahədə tədqiqatlarla bağlı bir sıra təşkilati və metodoloji problemlərin də mövcud olduğunu söylədi.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev ölkədə e-tibbin formalaşması ilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan uğurlardan danışdı. Bu gün Azərbaycanda səhiyyə sisteminin müasir tələblər səviyyəsində qurulması, tibbdə qabaqcıl texnologiyaların tətbiqi, bu sahədə mövcud problemlərin həlli istiqamətində əməli addımlar atıldığını, dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlıq əlaqələrinin yaradıldığını, birgə layihələrin reallaşdırıldığını vurğuladı. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində kompleks tədbirlərin həyata keçirildiyini bildirən E.Ağayev elektron tibbin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr və onların həlli istiqamətində görüləcək işləri də diqqətə çatdırdı.
AMEA Biologiya və tibb elmləri bölməsinin akademik katibi, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ölkəmizdə səhiyyə və tibb elminin inkişafına göstərilən dövlət qayğısından söz açdı. Son zamanlar Azərbaycan səhiyyəsində uğurlu islahatlar aparıldığını deyən natiq Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqəti və dəstəyi sayəsində bütün regionlarda yeni səhiyyə obyektlərinin tikilib istifadəyə verildiyini, tibb elminin ən son yenilikləri, texnoloji innovasiyalar, müasir müalicə üsullarının uğurla tətbiq edildiyini, həkimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün səmərəli işlərin görüldüyünü söylədi. Səhiyyə Nazirliyinin elmi müəssisələrində, tibb ocaqlarında ən son texnologiyaların tətbiq olunduğunu diqqətə çatdırdı.
Keçən əsrin 70-ci illərində akademik Cəlal Əliyevin əsasını qoyduğu bioinformatika məktəbini xatırladan Ə.Əmiraslanov hazırda Azərbaycanda elektron elmin inkişaf etdiyini, elmi müəssisələrin prioritetlərinin yeniləndiyini, superkompüter texnologiyalarının böyük imkanlar vəd etdiyini söylədi, gerontologiya, kök hüceyrələri sahəsində aparılan tədqiqatların, AMEA-da yeni yaradılmış Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əhəmiyyətini qeyd etdi. O həmçinin təbabətlə informatikanın qovşağında elmi kadrların hazırlanmasının vacibliyini vurğuladı.
Tədbirdə AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Elektron tibbin formalaşmasının aktual elmi-nəzəri problemləri və həlli perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi. Elektron tibbin e-hökumətin tərkib hissəsi olduğunu, bu sahədə mövcud problemlərin multidissiplinar xarakter daşıdığını diqqətə çatdıran akademik e-tibbin texnoloji, iqtisadi, demoqrafik, psixoloji, hüquqi, etik və s. aspektlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd etdi. R.Əliquliyev İnformasiya cəmiyyəti məsələləri üzrə Tunis Dünya Sammiti, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, Ümumdünya Səhiyyə Təşkilatının e-səhiyyəyə dair sənədlərində e-tibbin çoxaspektli problemlərinə xüsusi yer verildiyini bildirdi.
Molekulyar biologiya və tibb, molekulyar diaqnostika, tibbi genetika, gen müalicəsi kimi problemlərin araşdırılmasının, yüksək texnologiyaların tətbiqi imkanlarının öyrənilməsinin zəruriliyini vurğulayan R.Əliquliyev həmçinin e-tibbin sürətli inkişafının təmin olunması üçün tibbi informatika ixtisası üzrə mütəxəssis və elmi kadrların hazırlanması, bu sahəyə dair dərslik və dərs vəsaitlərinin məzmununun yenilənməsi, tibb işçilərinin İKT biliklərinin artırılması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırdı. Ölkəmizdə sırf bu sahədə dövlət proqramına ehtiyac olduğunu deyən akademik müvafiq sahələr üzrə aparıcı alim və mütəxəssisləri, elmi qurumları birgə əməkdaşlığa çağırdı.
Tədbirdə həmçinin Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli “Tibbi təhsildə kompüter texnologiyaları”, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev “Azərbaycan Respublikasında tibbi informatikanın təşəkkülü və perspektivləri”, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Vurğun Hacıyev “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində mövcud elektron sistemlər”, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tibb elmləri üzrə elmi şurasının sədri, AMEA-nın müxbir üzvü Nuru Bayramov “Təbabətdə informasiya texnologiyaları və ölkədə həllini gözləyən problemlər” mövzularında məruzələrlə çıxış etdilər.
Konfrans öz işini AMEA İnformasiya Texnologiyaları İnstitutunda üç paralel seksiya iclasında davam etdirdi. “Tibbdə İKT-nin elmi-nəzəri problemləri”, “Tibbdə İKT-nin praktiki problemləri” və “İKT-nin tibbi problemləri” seksiyaları üzrə elektron tibbin formalaşmasının konseptual əsasları, texnoloji təminatı, təşkilati-hüquqi, təhlükəsizlik, terminoloji problemləri, sosial-iqtisadi aspektləri və s. mövzularda 75 məruzə təqdim olundu.
Xəbəri paylaş