Azərbaycanda 1500 nəfərdən çox hemofiliyalı xəstə dispanser qeydiyyatındadır

Azərbaycanda 1500 nəfərdən çox hemofiliyalı xəstə dispanser qeydiyyatındadır

Bu gün dünya üzrə 400 min hemofiliyalı xəstə var. Azərbaycanda isə hazırda 1500 nəfərdən çox belə xəstə dispanser qeydiyyatındadır. Hemofiliyalı xəstələrin müalicəsi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrası və Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin əməkdaşları məşğul olurlar. Ölkə rəhbərliyi və Səhiyyə Nazirliyi hemofiliyalı xəstələrin problemlərinin həll edilməsi üçün ardıcıl tədbirlər həyata keçirir.
Bu barədə Respublika Klinik Xəstəxanasında hemofiliya mövzusuna dair təşkil olunan “dəyirmi masa”da söhbət açılıb.
Tədbirdə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin hemofiliyalı xəstələrlə bağlı qərar və sərəncamları bu gün Səhiyyə Nazirliyi tərəfindən uğurla yerinə yetirilir. Belə ki, bu xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatları ölkəyə gətirilir. Azərbaycanda 1973-cü ildən Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsində Elmi-Praktiki Hemofiliya Mərkəzi fəaliyyət göstərir. Vaxtında və lazımı səviyyədə antihemofil preparatlarla aparılan müalicə xəstələri nəinki ölüm təhlükəsindən xilas edir, hətta onlarda şikəstliyin və əlilliyin də qarşısını alır.
Səhiyyə Nazirliyinin hematologiya üzrə baş mütəxəssisi Çingiz Əsədov məlumat verib ki, Azərbaycan hemofiliyalı xəstələrin dərman preparatları ilə dövlət hesabına təmin edildiyi azsaylı ölkələr sırasındadır. O deyib ki, hər il ölkəmizdə 50-60 nəfərdən çox hemofiliyalı xəstədə müxtəlif cərrahiyyə əməliyyatları həyata keçirilir. Azərbaycanda hemofiliyanın diaqnostika, müalicə və profilaktikasının təkmilləşdirilməsi, xəstələrin ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün 2005-ci və 2010-cu illərdə qəbul edilmiş iki Dövlət Proqramı artıq yerinə yetirilib. Bu ildən isə hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılması, bu xəstəlik nəticəsində əmələ gələn əlilliyin və ölüm hallarının azaldılması məqsədi ilə 3-cü proqram – 2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı icra edilməyə başlanıb. Hemofiliyalı xəstələrin müalicəsi bahalı olsa da, dövlət tərəfindən onların bütün ehtiyacları ödənilir.
"Bu gün Azərbaycanda hemofiliyalı xəstələrin 111 nəfəri 1-5 yaşlı, 226 nəfəri isə 5-15 yaşlı uşaqlardır. Bu da onu göstərir ki, ümumi xəstələrin 22,5 faizi 1-15 yaşlı uşaqlardır". Bunu isə Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova "dəyirmi masa"da çıxışı zamanı deyib. Mərkəzin rəhbəri bildirib ki, ildən-ilə stasionar şəraitdə müalicə olunan xəstələrin sayı azalır. Evlərdə və ambulator şəraitdə müalicələrin sayı artır ki, bu da yaxşı göstəricidir.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova