Bakıda Uroloqların II Beynəlxalq konqresi keçirildi

Onkourologiya sahəsində dünyada meydana çıxan yeni texnologiyalarla tanışlıq, xarici həmkarlarla təcrübə mübadiləsi və gənc həkimlərin ixtisasını artırması məqsədilə Bakıda Uroloqların II Beynəlxalq konqresi keçirilib.
Azərbaycanda urolojı xəstələrə tibbi xidmətin gücləndirilməsini, onkouroloji xəstəliklərin erkən aşkarlanması və qarşısının alınmasını əsas hədəf götürən “Onkourologiyanın müasir nailiyyətləri” konqresi Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Uroloqlar Assosiasiyası tərəfindən təşkil olunub. Tədbirdə yerli mütəxəssislərlə yanaşı, Avropa Uroloqlar Assosiasiyası və Türk Onkouroloji Cəmiyyətindən də nümayəndələr iştirak ediblər.
Konqresdə çıxış edən Milli Onkologiya Mərkəzinin şöbə müdiri Elturan İsmayılov Azərbaycanda bütün sahələr kimi, səhiyyə sahəsinin də son illər dinamik inkişafda olduğunu deyib. O ölkə üzrə onkouroloji xidmətin qeydiyyatının vacibliyindən danışıb, Azərbaycanda onkoloji xəstələrə yardım göstərilməsi və onların zəruri dərman preparatları ilə təmin olunması ilə əlaqədar mükəmməl qanunvericiliyin mövcudluğunu, bu xidmətin səviyyəsinin beynəlxalq standartlara çatdırılması üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini, tibb elminin inkişafı və dünya tibb elminə inteqrasiyası üçün dövlətimiz tərəfindən bütün imkanların yaradıldığını qonaqların diqqətinə çatdırıb. Bildirilib ki, bu gün Azərbaycanda ən mürəkkəb endouroloji cərrahiyyə əməliyyatları, eləcə də böyrək transplantasiyası uğurla həyata keçirilir.
Konqresdə Nyu-York Universitetinin professoru Bob Cavan “Parsial nefrektomiya zamanı işemik texnikaların tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Fariz Babayev, Fuad Novruzov (Azərbaycan), Sumer Baltaci, Levent Türkeri (Türkiyə) və digərlərinin urologiyanın ən aktual problemlərinə həsr olunan məruzələri dinlənilib. Mövzular ətrafında diskussiyalar aparılıb, suallar cavablandırılıb.
Konqres çərçivəsində Azərbaycan Onkoloqları Elmi-Tibbi Cəmiyyəti, Azərbaycan Uroloqlar Assosiasiyası və Türk Onkouroloji Cəmiyyəti arasında üçtərəfli anlaşma memorandumu imzalanıb. Sənədi Milli Onkologiya Mərkəzi baş direktorunun müavini Fuad Quliyev, Azərbaycan Uroloqlar Assosiasiyasının sədri Samir Cavadzadə və Türk Onkouroloji Cəmiyyətinin prezidenti Sumer Baltaci imzalayıblar.
Xəbəri paylaş