Tibb ictimaiyyəti akademik Zərifə Əliyevanın xatirəsini yad etdi

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyi münasibətilə alimin xatirəsi müxtəlif tədbirlərlə yad edilib.
Səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla Nazirliyin kollegiya üzvləri, tibb ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda olublar. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyulub. Sonra ziyarətçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə əklil qoyub, tər çiçəklər düzüblər.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində görkəmli alimin xatirəsinə həsr olunmuş ənənəvi elmi-praktik konfrans keçirilib. «Müasir oftalmologiyanın son nailiyyətləri» adlı konfransda həm bu, həm də bir çox digər tibb ocaqlarının, elmi tədqiqat institutlarının mütəxəssisləri iştirak edib, müzakirələr aparıblar. Araşdırmaların nəticələrinin təcrübədə tətbiqi ilə bağlı təkliflər irəli sürülüb.
Azərbaycan Tibb Universitetində də Əməkdar Elm Xadimi, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş yığıncaq keçirilib. Tədbirdə görkəmli oftalmoloq alimin Azərbaycan səhiyyəsində, tibb elminin inkişafında və ictimai həyatında qoyduğu dərin izdən danışılıb, oftalmologiyanın inkişafına töhfələrindən, bir çox göz xəstəliklərinin diaqnostikası və müalicəsində misilsiz xidmətlərindən söz açılıb. Zərifə Əliyevanın ictimai və elmi fəaliyyətinin Tibb Universiteti ilə sıx əlaqədar olduğunu qeyd edən natiqlər vurğulayıblar ki, ATU öz layiqli məzunu ilə fəxr edir, onun xatirəsini həmişə əziz tutur.
Xəbəri paylaş