Onkoginekoloqların I Bakı forumu keçirildi

Onkoginekoloqların I Bakı forumu keçirildi

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində Rusiyanın tanınmış onkoginekoloqlarının iştirakı ilə keçirilmiş Onkoginekoloqların I Bakı forumunda uşaqlıq boynu patologiyaların müalicəsində yeni texnologiyalara dair müzakirələr aparılıb.
Onkoginekologiya sahəsində yeni texnologiyalarla tanış olmaq, xarici həmkarlarla təcrübə mübadiləsi aparmaq, gənc həkimlərin ixtisasını artırmaq məqsədi daşıyan, Milli Onkologiya Mərkəzinin Qadın sağlamlığı şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən forumda Bakı şəhərində fəaliyyət göstərən bütün ginekoloji müəssisələrin, o cümlədən qadın məsləhətxanalarının həkimləri iştirak ediblər.
Tədbirin açılışında Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin forum iştirakçılarına məktubu oxunub. Süd vəzisi xərçənginin və uşaqlıq boynu patologiyaların müalicəsində forumun əhəmiyyətini vurğulayan Cəmil Əliyev onun işinə uğurlar arzulayıb.
İlk təqdimatla Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Vsevolod Kiselyov çıxış edib. Dünyada onkoloji xəstəliklərin sayında artım olduğunu, süd vəzisi xərçənginin hətta yeniyetmə qızlarda və gənc qadınlarda belə müşahidə edildiyini diqqətə çatdıran alim qeyd edib ki, buna görə Ümumdünya Səhiyyə Təşkilatı onkoloji xəstəliklərin profilaktikasını və müalicəsini əsas vəzifə kimi qarşıya qoyur. V.Kiselyov bu forumda onkoginekoloji xəstəliklərə dair dinləniləcək məruzələrin və aparılacaq müzakirələrin hər iki ölkənin mütəxəssisləri üçün çox faydalı olacağına əminliyini bildirib.
Rusiyanın Genital İnfeksiya və Neoplaziya üzrə Assosiasiyasının prezidenti Svetlana Roqovskayanın da məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Milli Onkologiya Mərkəzinin Onkoginekologiya şöbəsinin müdiri Şəmistan Alıyev isə Azərbaycanda onkoloji xəstəliklərlə bağlı məruzə edib. Ötən il ölkəmizdə 38 932 nəfər onkoloji xəstənin qeydiyyata götürüldüyünü deyən natiq bu il təxminən 40 min xəstənin qeydiyyatda olduğunu bildirib, onkoloji xəstəliklərlə bağlı lazımi dərman ehtiyatının yaradıldığını vurğulayıb.
İki gün davam edən forumda “Onkoginekologiyada müasir texnologiyalar”, “Neoplaziyanın elmi aspektləri”, “Uşaqlıq boynunun fiziologiyası və patologiyası”, “Kolposkopiyada çətin vəziyyətlər: hamiləlik, atrofiya, iltihab”, “Hormonlar və epitelial displaziya” və s. mövzularda məruzələr dinlənilib.
Tədbirin praktiki fəaliyyətə həsr olunan ikinci günündə kolposkopiya və fiziocərrahiyyə müayinə və müalicə üsulları (ablasiya, biopsiya, eksiziya və konizasiya) üzrə ustad dərsləri təşkil edilib.
Həmçinin forumda Milli Onkologiya Mərkəzində xəstələrin konservativ və cərrahi müalicəsi təcrübəsinin də təqdimatı olub.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova