Tibb ali məktəbləri ordumuzla həmrəydir

Cəbhədə vəziyyətin gərginləşməsi, silahlı qüvvələrimizin uğurlu hərbi əməliyyatları ilə bağlı olaraq, ölkəmizin bir çox idarə və müəssisələrində olduğu kimi, Bakıda fəaliyyət göstərən tibb ali məktəblərində də orduya dəstək aksiyaları keçirilib.
Azərbaycan Tibb Universitetində (ATU) keçirilən toplantıda çıxış edənlər erməni hərbi birləşmələrinin sərhədyanı bölgələrdə törətdiyi təxribatlar və onların qarşısının rəşadətli ordumuz tərəfindən qəhrəmancasına alınmasından söz açıblar. Bildirilib ki, belə şəraitdə universitetin müəllim və tələbələri dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün lazımi addımlar atacaq, cəbhədə yaralanan əsgərlərə yardım məqsədilə qanvermə aksiyası keçirəcək. Gənclər torpaqlarımızın azad olunması üçün tarixi şəraitin yetişdiyini, müharibədə iştirak etməyə hazır olduqlarını söyləyiblər.
ATU-da keçirilən digər aksiyada – Milli Ordunun cəbhə bölgəsindəki uğurlarına, Prezident İlham Əliyevin daxili və xarici siyasətinə dəstək mitinqində Universitetinin 1000-ə yaxın tələbəsi iştirak edib.
Daha bir orduya dəstək aksiyası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında baş tutub. Toplantıda indiki şəraitdə gənclərin üzərinə düşən vəzifələrdən danışılıb, onlara sosial şəbəkələrdə xarici dillərdə məqalələr, ismarıclar yazaraq bütün dünyaya Azərbaycan tarixini, Qarabağ həqiqətlərini, hazırda cəbhə bölgələrində gedən prosesləri, xalqımızın mərdlik və vətənpərvərliyini nümayiş etdirməyi tövsiyə olunub.
Xəbəri paylaş