Azərbaycan – Türkiyə səhiyyə sazişi imzalandı

Azərbaycan – Türkiyə səhiyyə sazişi imzalandı

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Türkiyə Cümhuriyyətinin səhiyyə naziri Məhmət Müəzzinoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Oqtay Şirəliyev Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu, iki ölkənin bütün sahələrdə - siyasi, iqtisadi, səhiyyə, elm, mədəniyyət və təhsil sahələrində əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib.
Ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın müstəqilliyimizin ilk illərindən başlayaraq formalaşdığını bildirən səhiyyə naziri 1994-cü ildə imzalanmış Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq Protokolunu xatırladıb. Qeyd edib ki, həmin sənədə əsasən hər iki ölkənin tibb universitetləri, həkimləri təkmilləşdirmə institutları, səhiyyə müəssisələri arasında əlaqələr qurulub və Protokolun bütün müddəaları layiqincə yerinə yetirilib. Onun sözlərinə görə, hazırda səhiyyənin elə bir sahəsi yoxdur ki, orada türkiyəli mütəxəssislərlə əməkdaşlıq qurulmasın. Mütəxəssis mübadiləsi, birgə elmi təhqiqatlar, əczaçılıq, icbari tibbi sığorta, səhiyyənin maliyyələşməsi və bu kimi bir çox sahələrdə Türkiyənin təcrübəsinə böyük önəm verilir.
Oqtay Şirəliyev onu da vurğulayıb ki, bu görüşdə imzalanacaq Saziş gələcəkdə əməkdaşlığın genişləndirilməsinə vəsilə olacaq. Qeyd edib ki, hazırda ölkəmizdə “Sağlamlıq həftəsi” çərçivəsində azərbaycanlı və türkiyəli mütəxəssislərin birgə əməliyyatlar həyata keçirməsi dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir.
Nümayəndə heyəti adından səmimi qəbula görə minnətdarlığını bildirən Türkiyə Cümhuriyyətinin səhiyyə naziri Məhmət Müəzzinoğlu bu görüşün Bakıda yüksək səviyyədə təşkil olunmuş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna təsadüf etdiyini məmnunluqla qeyd edib və bildirib ki, Forumun istər son dövrlərdə Türkiyədə törədilmiş terror hadisələri, istərsə də Dağlıq Qarabağ münaqişəsinin gərginləşdiyi bir zamanda keçirilməsi çox önəmlidir. Özlərini sanki Vətənlərindəki kimi hiss etdiklərini söyləyən türkiyəli nazir vurğulayıb ki, belə qarşılıqlı görüşlər ölkələrimiz arasındakı dostluq və qardaşlığın əbədi olacağının bariz nümunəsidir.
Daha sonra Məhmət Müəzzinoğlu ölkəsinin tibb elmi sahəsindəki təcrübəsindən, ailə həkimlərinin iş prinsipindən, “Türk Sağlıq Bilimləri” Universitetinin fəaliyyətindən danışıb.
Görüşün sonunda iki ölkənin səhiyyə nazirləri Oqtay Şirəliyev və Məhmət Müəzzinoğlu Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Saziş imzalayıblar.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova