Cəbhəyanı bölgədə uşaqlarda ürək əməliyyatları edilir

Uşaqların sağlamlığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindən birini təşkil edir. Balacaların sağlam gələcəyini təmin etmək məqsədi ilə müxtəlif layihələr həyata keçirilir.
Belə aksiyalardan biri də bu günlərdə cəbhəyanı bölgəmiz olan Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən Müalicə Diaqnostika Mərkəzində icra olunub.
Belə ki, Respublika Diaqnostika Mərkəzinin İnvaziv kardiologiya və ürək-damar xəstəlikləri şöbəsinin tanınmış mütəxəssislərdən ibarət nümayəndə heyəti cəbhəyanı bölgəyə gedib. Tibb elmləri doktoru Rəşad Mahmudovun rəhbərlik etdiyi 35 nəfərdən ibarət həkim briqadası Füzulidə “Uşaqların ürəyi Qarabağda döyünür” şüarı altında aksiya keçirib. Kardiocərrah, reanimatoloq, anestezioloq və orta tibb işçilərindən təşkil olunmuş heyət humanitar aksiya zamanı anadangəlmə ürək qüsurlarından əziyyət çəkən 1-10 yaşlı uşaqlar üzərində təmənnasız olaraq əməliyyatlar icra edib. Əməliyyatlar zamanı Müalicə Diaqnostika Mərkəzinə məxsus ən son texnoloji aparat və avadanlıqlardan istifadə olunub.
Həyata keçirilən layihə ilə bağlı jurnalistlərə açıqlama verən cərrah R.Mahmudov Azərbaycan dövlətinin öz xalqına hər zaman diqqət və qayğı ilə yanaşdığını deyib. Bildirib ki, “Uşaqların ürəyi Qarabağda döyünür” şüarı ilə həyata keçirilən aksiya çərçivəsində ürək-damar xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlər, Füzulinin və ətraf rayonların sakinləri üçün yüksək ixtisaslı mütəxəssislər tərəfindən ambulator müayinə və müalicələr təşkil olunub, bununla yanaşı, ağır ürək qüsuru olan uşaqlar üzərində açıq ürək əməliyyatları icra edilib. R.Mahmudov vurğulayıb ki, əməliyyat olunacaq xəstələr seçilərkən onlar arasında məcburi köçkünlərə və illərdir növbə gözləyənlərə üstünlük verilib: “20 ildən artıqdır doğma yurdlarından didərgin düşmüş həmyerlilərimizin hər bir sahədə, o cümlədən səhiyyə sahəsində problemlərinin həlli dövlətimiz üçün həmişə prioritet istiqamət olub. Amma biz həkimlər mövcud şəraitdə bu işlərin təşkilinin nə qədər çətin olduğunu anlayırıq. Bütün çətinliklərə baxmayaraq, dövlətimiz bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlir. Ən gözəl nümunə isə Böyük Bəhmənli kimi ucqar kəndlərimizdə yüksək texnoloji əməliyyatların tətbiq oluna biləcəyi səhiyyə ocaqlarının olmasıdır”.

Pulsuz cərrahiyyə əməliyyatı kampaniyası, təbii ki, hamıdan çox valideynləri məmnun edib. Belə valideynlərdən biri – Mehrac Dadaşov qeyd edib ki, oğlu Əvəz Dadaşov 17 günlük olanda yaşadıqları Füzuli rayonunda ona ürək qüsuru diaqnozu qoyulub: “O, uzun illərdir müalicə olunurdu. Buna baxmayaraq, ürəyindəki qüsur səbəbindən yaşıdlarından geri qalırdı. Məktəbə gedə bilmirdi. Müəllimlər gəlib evdə dərs keçirdilər. Əməliyyata isə maddi imkanımız yox idi deyə, uşaq tam sağala bilmirdi. İndi şükür ki, əməliyyat olundu. Bakıda Respublika Diaqnostika Mərkəzində uşağımızın Böyük Bəhmənli kəndində pulsuz əməliyyat olunacağını bizə deyəndə sevincimizin həddi-hüdudu yox idi. Əvəz də bu xəbərə çox sevindi ki, artıq təngnəfəs olmayacaq”.

Kampaniyanın davam etdiyi günlərdə Əvəz kimi neçə uşağın valideyninə həyəcan və sevinc hissləri yaşamaq qismət olub.
Açıq urək əməliyyatları ilə yanaşı, bölgədə "Uşaqların ürəyi Qarabağda döyünür" adlı elmi-praktik konfrans da keçirilib. Toplantıda Füzuli və ətraf rayonlarda fəaliyyət göstərən həkimlərlə anadangəlmə ürək xəstəlikləri sahəsində dünyada qazanılmış elmi nailiyyətlər müzakirə olunub.
Qeyd edək ki, son günlərdə cəbhə xəttində yaranan gərginliklərdən əziyyət çəkmiş Füzuli rayon sakinləri üçün bu aksiya gələcəyimiz olan körpələrin sağlamlıqlarına qovuşması baxımından böyük əhəmiyyət kəsb edir və dövlətimizin bölgələrə, uşaqların sağlamlığına diqqət və qayğısının təzahürüdür. Çətinliklərə böyük mərdliklə sinə gərən soydaşlarımızın, onların övladlarının sağlamlıq problemlərinin aradan qaldırılması üçün Respublika Diaqnostika Mərkəzinin bu mürəkkəb günlərdə göstəryi səylər rayon ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Xəbəri paylaş