Azərbaycanda ana və uşaq sağlamlığı üzrə görülən tədbirlər Tbilisidə yüksək qiymətləndirilib

Gürcüstanın paytaxtı Tbilisidə “Cənubi Qafqaz regionunda ana və uşaq sağlamlığının qorunması” mövzusunda konfrans keçirilib.
BMT-nin Əhali Fondu, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Gürcüstanın Səhiyyə Nazirliyinin birgə təşkil etdikləri tədbirdə ana və uşaq sağlamlığının qorunması, reproduktiv sağlamlıq, ailə planlaşdırılması, infeksion xəstəliklərə və cinsi zorakılığa qarşı mübarizə sahəsində görülən işlər müzakirə olunub.
Beynəlxalq təşkilatların, Şərqi Avropa, Orta Asiya və Cənubi Qafqaz ölkələrinin müvafiq dövlət qurumları nümayəndələrinin iştirak etdikləri konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova çıxış edərək, ölkəmizdə bu sahədə görülən işlər, qəbul olunmuş dövlət proqramlarının, qanun və normativ hüquqi aktların icrası barədə məlumat verib.
O bildirib ki, hər hansı ölkədə əhalinin sağlamlığının qorunması ilə bağlı əsas göstəricilərdən biri ana və uşaq ölümü göstəriciləridir. Azərbaycanda dövlət həmin məsələni daim diqqət mərkəzində saxlayır. Ana və uşaq sağlamlığının qorunması Azərbaycan səhiyyəsində prioritet istiqamətdir. Bu sahədə 2007-ci ildə qəbul olunmuş dövlət proqramında ana və uşaq sağlamlığı, ailə planlaşması, yeniyetmələrin reproduktiv sağlamlığı, cinsi yolla keçən xəstəliklərə, zorakılıq və seksual istismara qarşı mübarizə məsələləri əksini tapıb. Proqramın qəbulundan sonra həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə mühüm nailiyyətlər əldə olunub. Belə ki, son illər ana ölümü halları 3 dəfəyədək azalıb.
Leyla Məmmədova deyib ki, ölkəmizdə perinatal xidmət geniş inkişaf edib, 7 rayonda perinatal mərkəzlər yaradılıb. Eyni zamanda, normativ sənədlərdə dəyişikliklər olunub, Xəstəliklərin Beynəlxalq Təsnifatı tətbiq edilib, klinik protokollar tərtib olunub. Azərbaycanda tərtib edilmiş 91 protokolun 30-u ana və uşaq sağlamlığı ilə əlaqəlidir, bu da həmin sahəyə diqqətin göstəricisidir.
Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi görüləcək işlərdən də danışıb. Bildirib ki, yeniyetmələrin reproduktiv sağlamlığı, ailə planlaşması və s. məsələlər hələ də tam öz həllini tapmayıb. Bu istiqamətdə tədbirlər davam etdiriləcək.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.
BMT Əhali Fondunun Cənubi Qafqaz və Azərbaycan üzrə nümayəndəsi Fərid Babayev AzərTac-a müsahibəsində deyib ki, Tbilisidə keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nümayəndəsinin ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması barədə məruzəsi maraqla qarşılanıb: “Müzakirələr zamanı Azərbaycanda ana və uşaqların sağlamlığı, reproduktiv sağlamlıq, erkən nikahların, eləcə də QİÇS və digər infeksion xəstəliklərin qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirildi. Beynəlxalq ekspertlər Azərbaycanda 2007-2015-ci illərdə həyata keçirilən məqsədyönlü tədbirləri, qəbul olunmuş dövlət proqramlarının icrasını xüsusilə bəyəndilər. Ölkəmizdə ana ölümünün əhəmiyyətli dərəcədə azalması böyük nailiyyət kimi qiymətləndirildi. Azərbaycanda ana və uşaq sağlamlığı ilə bağlı yeni konsepsiya və fəaliyyət planının hazırlanması BMT və ÜST ekspertləri tərəfindən xüsusi qeyd olundu. Bildirildi ki, 2017-2021-ci illəri əhatə edəcək həmin sənəddə hamilə qadınlara göstərilən antenatal və perinatal (doğuşdan əvvəl və doğuşdan sonra) xidmət, ailə planlaşması, reproduktiv seçim, cinsi yolla keçən xəstəliklərə, selektiv abortlara, erkən nikaha qarşı mübarizə, yeniyetmə və reproduktiv yaşına çatan insanlarla təbliğat məsələlərin əksini tapması digər ölkələr üçün gözəl nümunədir”.
Xəbəri paylaş