Azərbaycanda uşaqların bərpa müalicəsində ən müasir üsullar tətbiq edilir
Bakıda fəaliyyət göstərən Uşaq Bərpa Müalicə Mərkəzi (UBMM) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daimi qayğısı sayəsində səhiyyə sistemində baş verən köklü dəyişikliklərin, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi, infrastrukturun yenilənməsi istiqamətində görülmüş əsaslı tədbirlərin bariz nümunəsidir. Uşaqların tam və ətraflı müayinəsini, yüksək dərəcəli ixtisaslaşdırılmış coxprofilli bərpa müalicəsini həyata keçirən mərkəz bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. 1988-ci ildən fəaliyyət göstərən UBMM qısa müddətdə əsaslı təmir olunub və Səhiyyə Nazirliyi tərəfindən İtaliya, Almaniya və digər ölkələrin aparıcı istehsalçılarının ən müasir cihaz və avadanlıqları ilə təmin edilib. Burada təcrübəli mütəxəssislər xəstə uşaqlara ən yüksək səviyyədə tibbi xidmət göstərirlər.
Sahə uşaq poliklinikalarından göndərişlə Uşaq Bərpa Müalicə Mərkəzinə müraciət edən uşaqların hər biri üçün fərdi müalicə planı tərtib edilir, onlar il ərzində 3-5 dəfə müalicə kursu keçirlər. Bunun üçün mərkəzdə sağlamlıq imkanları məhdud (uşaq serebral iflici, əzələ distrofiyası, pleksit, hərəkət sisteminin pozulmaları olan) uşaqlar üçün müalicə bədən tərbiyəsi zalları, masaj, su terapiyası, qalvanik vannalar, istilik terapiyası, parafin, naftalan, elektroterapiya, trenajor, artterapiya, fitoterapiya otaqları fəaliyyət göstərir. Eyni zamanda, loqoped və surdoloqoped kabinetləri mövcuddur. Burada dünya reabilitasiyasında geniş istifadə olunan və innovasion üsul sayılan kostyum terapiyası tətbiq edilir.
UBMM-də valideynlərlə də fəal iş aparılır. Belə ki, ailə üzvləri müalicə tədbirlərində, o cümlədən bədən tərbiyəsi, aktiv terapiya, artterapiya və başqa prosedurlarda iştirak edirlər. Mütəxəssislər onları məlumatlandırır, müalicəni ev şəraitində davam etdirmək üçün tövsiyələr verirlər. Mərkəzdə vaxtaşırı “valideyn günü” keçirilir, onların təklif və arzuları dinlənilir.
Tibb müəssisəsinə müraciət edən xəstələrin 40 faizindən çoxunu nevroloji uşaqlar təşkil edir. Bunlar əsasən uşaq serebral iflici, bazu kələfinin doğuş travması, müxtəlif səbəblərdən inkişaf çətinlikləri olan uşaqlardır. Bəzi pasiyentlərdə sinir sistemi patologiyaları ilə yanaşı, digər somatik xəstəliklər də müşahidə edilir. Burada yanaşı gedən xəstəliklərin müalicəsi üçün də lazımi şərait yaradılıb. Bu xəstəliklərin müalicəsində müasir fizioterapiya cihazları, aerozol terapiyası, süni duzlaq şaxtası və digər üsullar geniş istifadə edilir.
Səhiyyə ocağının tibbi personalının peşə səviyyəsini və ixtisas dərəcəsini artırması daim diqqət mərkəzindədir. Bu məqsədlə bir sıra tədbirlər həyata keçirilir, mütəxəssislər mütəmadi olaraq kurslara, seminar və konfranslara göndərilirlər.
Mərkəzdə son 2 ildə keçirilən 4 təlimdə Bakının poliklinika və xəstəxanalarından 80 həkim iştirak edib. Təlimlər Türkiyənin Ankara Universitetinin Pediatriya fakültəsinin mütəxəssisləri və UBMM-in həkimləri tərəfindən aparılıb. Bununla yanaşı, Mərkəzin həkimləri ötən il Səhiyyə Nazirliyinin təşkil etdiyi monitorinqlərdə iştirak ediblər.
Rusiya Federasiyasının Sverdlovsk vilayətinin “Bonum” Elmi Mərkəzi, İstanbulun Sabançı Mərkəzi ilə sıx elmi əlaqələr yaratmış UBMM-in 4 əməkdaşı Səhiyyə Nazirliyinin və BMT-nin Uşaq Fondunun dəstəyi ilə 2015-ci ildə Türkiyədə keçirilən Ümumdünya Pediatrik Konqresində iştirak ediblər.
Bundan başqa, burada Səhiyyə Nazirliyinin dəstəyi və Milli Paralimpiya Komitəsinin təklifi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün “Boçça” oyunu üzrə dərnək təşkil olunub. Fərəhli haldır ki, I Milli Uşaq Paralimpiya Oyunlarında UBMM-in pasiyentləri layiqli yerlər qazanıblar.
Sağlamlıq imkanları məhdud uşaqlarla sağlam uşaqlar arasında ünsiyyət yaratmaq məqsədilə Mərkəzdə hər il bayram şənlikləri keçirilir. Bir sözlə, UBMM-in mütəxəssisləri və bütün kollektivi sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə sosial inteqrasiyası üçün bütün səyləri göstərirlər.