Azərbaycan dövləti dağınıq skleroz xəstələrini dərmanla tam təmin edir

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da dağınıq skleroz xəstəliyi səhiyyənin aktual problemlərindəndir. Ölkəmizdə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın qəbul olunması bu xəstəliyə tutulanların dövlət tibb müəssisələrində müayinə və müalicəsinin keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri, dərman preparatları ilə təminatının yaxşılaşdırılmasına hər cür lazımi şərait yaradıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2013-2015-ci illərdə həmin proqram çərçivəsində 1000-dən çox insan müayinə olunub. Onlardan 845-nə dağınıq skleroz diaqnozu qoyulub. 100-dən artıq xəstə dinamik müşahidəyə götürülüb, 60-dan çox xəstədə isə diaqnoz tamamilə inkar edilib.
Diaqnozu təsdiqlənmiş xəstələr müvafiq preparatlarla dövlət tərəfindən tam təmin olunurlar.
Hazırda proqram çərçivəsində tibb işçilərinin bu sahədə təkmilləşdirilməsi, habelə əhali arasında bu xəstəliyə dair maarifləndirmə işinin təşkili davam edir. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Sinir xəstəlikləri kafedrasında 200-dək həkim-nevropatoloq üçün dağınıq skleroz xəstəliyinin diaqnostikası, müalicəsi və reabilitasiyası barədə seminarlar, praktiki məşğələlər keçirilib. Bundan əlavə, 2013-cü və 2015-ci illərdə Türkiyənin aparıcı mütəxəssislərinin iştirakı ilə tibb bacıları üçün müvafiq preparatların inyeksiya metodikasına dair təlim kursu keçirilib.
Mütəxəssislərin birgə səyləri ilə hazırlanmış “Dağınıq skleroz üzrə klinik protokol” və “Dağınıq sklerozun klinikası və diaqnostikası” üzrə tədris vəsaiti bu sahədə diaqnostika və müalicə işini daha yüksək səviyyədə aparmağa kömək edəcək.
Xəbəri paylaş