24 mart Beynəlxalq Vərəmlə Mübarizə günüdür

1882-ci ildə alman alimi Robert Kox tərəfindən vərəm mikobakteriyasının aşkar edildiyi 24 mart tarixi 100 il sonra Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Vərəmlə Mübarizə günü elan olunub.
Vərəm xəstəliyi dünyada ən geniş yayılmış yoluxucu xəstəliklərdən biridir. İnsanın bu xəstəliyə yoluxması 90-95 faiz halda hava-damcı yolu ilə baş verir. Vərəm erkən aşkar olunmadıqda, xəstə həkimə vaxtında müraciət etmədikdə müalicə çətinləşir, fəsadlar yaranır. Belə olduqda isə xəstəlik tək xəstənin özünün deyil, bütün cəmiyyətin probleminə çevrilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 20 milyondan artıq vərəm xəstəsi var ki, onlardan da 7 milyon insan vərəmin açıq formasından əziyyət çəkir.
Azərbaycanda da vərəm ölkə səhiyyəsinin diqqət mərkəzində olan məsələlərdəndir. Ölkəmizdə “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” həyata keçirilib.
Vərəmli xəstələrin aktiv müalicəyə cəlb olunması, profilaktik tədbirlərin görülməsi, bu xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə dövlət tərəfindən tam təmin edilməsi sayəsində 2015-ci ildə Azərbaycanda vərəm xəstəliyindən ölüm hallarının sayı azalıb. Yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər ölkəmizdə epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verir. Peyvənd planının təxminən 95-96 faiz yerinə yetirilməsi nəticəsində xüsusi profilaktika vasitələrlə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib.
Bu yaxınlarda Nazirlər Kabinetinin Qərarı ilə bu sahədə daha bir proqram – “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” təsdiq edilib.
Yeni proqramın məqsədi Azərbaycanda vərəm xəstəliyinin yayılma səviyyəsinin aşağı salınması, bu xəstəliklə bağlı əlilliyin və ölüm hallarının azaldılmasıdır. Vərəm xəstəliyinin profilaktikasını, erkən diaqnostikasını və müalicəsini yaxşılaşdırmaq, vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasını möhkəmləndirmək, xəstələri müvafiq preparatlarla davamlı təmin etmək, bu xidmətin kadr potensialını gücləndirmək, əhalini vərəmlə mübarizə sahəsində maarifləndirmək kimi vəzifələr daşıyan Tədbirlər Proqramının həyata keçirilməsi sayəsində xəstəlik hallarını erkən aşkarlamaq, xəstələri vaxtında müalicəyə cəlb etməklə sağalma səviyyəsini yüksəltmək, tibb müəssisələrində epidemiya əleyhinə tədbirləri gücləndirməklə xəstəxanadaxili yoluxmaların qarşısını almaq, vərəmli xəstələrin qeydiyyatını yaxşılaşdırılmaq nəzərdə tutulur.
Xəbəri paylaş