Uşaqlar dispanserizasiyadan keçirilir

2015-ci ildə Azərbaycanın uşaq əhalisinin 92%-i ölkədə həyata keçirilən icbari dispanserizasiya tədbirləri ilə əhatə olunub. Bu barədə K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda təşkil edilən, ölkəmizdə uşaqların icbari dispanserizasiyasına həsr olunmuş toplantıda məlumat verilib.
Tədbirdə İnstitutun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyev çıxış edərək bildirib ki, Azərbaycanda uşaq əhalisinin kütləvi surətdə, icbari qaydada dispanserizasiyası Milli Məclis tərəfindən 2013-cü il martın 5-də qəbul edilmiş, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 11 aprel 2013-cü il tarixli müvafiq Sərəncamı ilə qüvvəyə minmiş “Azərbaycanda uşaqların icbari dispanserizasiyası haqqında” Qanuna əsasən həyata keçirilir. Bu Qanunun icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” da təsdiq edilib.
Nəsib Quliyev xüsusi vurğulayıb ki, region ölkələri arasında icbari dispanserizasiya haqqında qanunvericilik yalnız Azərbaycanda qəbul olunub. Bu da ölkədə yürüdülən sosialyönümlü siyasətin uğurlu nəticəsidir.
Toplantıda qeyd edilib ki, uşaqların mütəmadi olaraq kompleks tibbi müayinələrdən keçirilməsində əsas məqsəd onlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, xəstəliklərin erkən dövrdə aşkar edilməsi, vaxtında daha dərin müayinələrə və müalicəyə cəlb olunmasıdır.
Bildirilib ki, Azərbaycanda dispanserizasiya tədbirləri 18 yaşına qədər olan vətəndaşları, yəni 2,6 milyondan çox uşağı əhatə edir. Yeni doğulan və 3 yaşına qədər olan körpələr ildə bir neçə dəfə, 3 yaşından böyük olan uşaqlar isə il ərzində kompleks tibbi müayinələrə cəlb edilirlər. İcbari dispanserizasiya tədbirləri dövlət səhiyyə müəssisələrində, dövlət vəsaiti hesabına həyata keçirilir.
Ötənilki dispanserizasiyanın nəticələri barədə məlumat verən baş pediatr deyib ki, 2015-ci ildə kütləvi kompleks müayinə tədbirləri Azərbaycanın uşaq əhalisinin mütləq əksəriyyətini – 92%-ni əhatə edib, bu da kifayət qədər yüksək göstəricidir: “Dispanserizasiyaya cəlb edilən uşaqların 5%-ə qədərində müayinələr nəticəsində bu və ya digər formada sağlamlığın pozulması riski və xəstəliklər aşkarlanıb. Xəstəliklərin əksəriyyəti tənəffüs yollarının patologiyaları, uşaqlıq dövründə rast gəlinən xəstəliklər və qurd invaziyaları olub”.
Məlumat verilib ki, tibbi müayinələr zamanı uşaqlarda xəstəliklər aşkar olunduqda, yaxud sağlamlığın pozulması riski müəyyən edildikdə, onlar müalicəyə cəlb olunur, lazım gəldikdə dispanser qeydiyyatına götürülür və müalicə-sağlamlaşdırıcı tədbirlərlə əhatə edilirlər.
Uşaqların icbari dispanserizasiyası üzrə müayinələr hərtərəfli aparılır. Həkim briqadalarına pediatrdan başqa, nevropatoloq, oftalmoloq, cərrah, otorinolarinqoloq, endokrinoloq, stomatoloq və ehtiyac olduqda digər mütəxəssislər də daxil edilirlər.
İcbari dispanserizasiya tədbirləri, bir qayda olaraq, ilkin səhiyyə müəssisələrində, yəni uşaq ambulator klinik müəssisələrdə, məktəblərdə, bağçalarda həyata keçirilir. Eyni zamanda, kənd yerlərində uşaqları icbari dispanserizasiya tədbirlərinə cəlb etmək üçün səyyar həkim briqadaları təşkil olunur.
Nəsib Quliyev onu da qeyd edib ki, hər il icbari dispanserizasiya tədbirlərini həyata keçirən müəssisələr əhatəsində olan uşaq əhalisinin dispanserizasiyası üzrə növbəti il üçün təqvim planı hazırlayır: “Hər ay üzrə dispanserizasiyadan keçiriləcək uşaqların təqvimi müəyyən edilir. İcbari dispanserizasiya tədbirlərinin monitorinqini həyata keçirmək üçün Səhiyyə Nazirliyi tərəfindən mobil qruplar yaradılıb. Bu qruplar ildə iki dəfə regionlarda icbari dispanserizasiya tədbirlərinin gedişatına nəzarət edirlər”.
Toplantıda K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun elmi katibi Sevinc Nəsirova icbari dispanserizasiya tədbirləri zamanı kompleks müayinələrin təşkili və gedişatı ilə bağlı təqdimatla çıxış edib.
Bakı şəhəri 5 nömrəli Uşaq Poliklinikasının baş həkimi Adilə Seyidova icbari dispanserizasiyanın təşkilinin praktiki aspektləri barədə danışıb.
Toplantıda qeyd olunub ki, hazırda ölkədə uşaqların icbari dispanserizasiyası tədbirləri davam etdirilir. Aprel-may aylarında briqadaların regionlara ezam olunması planlaşdırılır.
Xəbəri paylaş