İmmunoprofilaktika tədbirləri gücləndirilir

Səhiyyə Nazirliyində “2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın həyata keçirilməsi barədə əmr imzalanıb.
Sənəddə Səhiyyə Nazirliyinin tabeli müəssisələrinə peyvəndlərlə əhatə səviyyəsini yüksək dərəcədə saxlamaq, əhali qrupları arasında bu sahədə monitorinq aparmaq və maarifləndirmə işini həyata keçirmək tapşırılıb. Əmrdə həmçinin profilaktik peyvənd təqviminə poliomielitə qarşı əlavə vaksinin daxil edilməsi, immunizasiya ilə vaxtında və tam dolğun əhatəni təmin etmək məqsədilə zəruri hallarda yerli səviyyədə səyyar briqadalardan istifadə olunması kimi tədbirlər də nəzərdə tutulub.
Əmrin icrası çərçivəsində “Elektron sağlamlıq kartı” və Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sisteminin imkanları idarə olunan xəstəliklərin təhlilində istifadə ediləcək.
Qeyd edək ki, hazırda ölkəmizdə uşaqlar 11 yoluxucu xəstəliyə qarşı peyvənd olunurlar ki, bu da inkişaf etmiş Avropa ölkələrinin peyvənd standartlarına uyğundur. Həmin infeksiyalar əleyhinə əhalinin vaksinasiyası Azərbaycanda dövlət hesabına həyata keçirilir.
Xəbəri paylaş