Parlamentin Səhiyyə komitəsi 7 qanun layihəsini müzakirə etdi

Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin iclasında 7 qanun layihəsi parlamentin plenar iclasına çıxarılmamışdan öncə müzakirə olunub. O cümlədən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” “Tibbi sığorta haqqında” Qanunlarda dəyişiklik edilməsi, “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunun isə ləğv olunması barədə qanun layihələrinə baxılıb.
İclasda İnzibati Xətalar Məcəlləsinin vətəndaşların hüquqlarının pozulması haqqında 215-ci maddəsinə yeni məzmunda 215.3-cü bəndin əlavə edilməsi təklif olunub. Dəyişiklik “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli Qanununun tətbiqi ilə əlaqədardır. Əlavəyə əsasən, həmin Qanunda nəzərdə tutulan qaydada ixtisaslaşmış tibbi yardımın göstərilmədiyinə görə 500 manat məbləğində cərimə nəzərdə tutulur.
“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunda təklif olunan dəyişikliklər vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrların, digər mütəxəssislərin və işçilərin öz peşə funksiyalarını yerinə yetirərkən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təkmilləşdirilməsini, yəni onların “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna uyğun olaraq icbari qaydada sığorta olunmasını nəzərdə tutur.
İclasda bildirilib ki, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Qanunda ediləcək dəyişikliyə əsasən, sənədin 26.3-cü maddəsi yeni redaksiyada veriləcək. Belə ki, “Əmək funksiyalarının icrası ilə əlaqədar tibb işçiləri, habelə virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması ilə məşğul olan işçilər İİV-ə yoluxma riskinə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna uyğun olaraq icbari qaydada sığorta ediləcəklər.
“Tibbi sığorta haqqında” Qanunun 6-cı maddəsinin doqquzuncu abzasının ləğvi, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunların isə 6.2-ci maddələrində “məcburi” sözünün “icbari” sözü ilə əvəz edilməsi təklif olunub.
Çıxış edən deputatlar dəyişikliklərin zəruri olduğunu bildiriblər. Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xəbəri paylaş