Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb

Dövlət başçısının “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb.
Yeni qurumun tərkibinə Səhiyyə Nazirliyinin məsul şəxsləri daxildir. Şura sahibkarlıq fəaliyyəti ilə məşğul olan, bu fəaliyyətlə bağlı vaxtilə şikayətlə müraciət etmiş fiziki və hüquqi şəxslərin təkrar şikayətlərinə baxan kollegial orqandır.
Səhiyyə Nazirliyinin Apellyasiya Şurasının ilk iclası keçirilib. Toplantıda qurumun fəaliyyət istiqamətləri və təşkilati məsələlər müzakirə olunub.
Səhiyyə Nazirliyində təkrar şikayətlər üzrə kollegial orqanın yaradılması şikayətlərə baxılma sahəsində obyektivliyin və şəffaflığın təmin edilməsinə, həmçinin sahibkarların hüquqlarının və qanuni maraqlarının müdafiəsi məsələlərinə diqqətin daha da artırılmasına xidmət edəcək.
Xəbəri paylaş