Azərbaycan – İran səhiyyə əməkdaşlığı müzakirə olundu

Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Elsever Ağayev ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının səhiyyə nazirinin müavini Rəsul Dinarvəndin rəhbərliyik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xalqlarımız arasında mövcud olan çoxəsrlik əlaqələrin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdıran Elsevər Ağayev Prezident İlham Əliyevin fevralın 23-də İrana rəsmi səfəri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər nəticəsində əməkdaşlığın keyfiyyətcə yeni – strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla bildirib. Nazir müavini hər iki ölkə arasında baş verən inteqrasiya proseslərinin nəticələrinin bütün istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində özünü büruzə verdiyini qeyd edib, belə görüşlərin təşkilinin iki dövlət arasında dostluq, əməkdaşlıq və işbirliyi baxımından çox əlverişli olduğunu söyləyib. Bu görüşün də məhz iki dövlət arasında imzalanmış səhiyyə əməkdaşlığına dair anlaşma memorandumundan irəli gələrək birgə fəaliyyət planının hazırlanmasına yönəldiyi vurğulanıb.
Öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Rəsul Dinarvənd ölkəmizdə səfərdə olmaqdan və bu işbirliyindən məmnunluğunu ifadə edib.
Sonra tərəflər ölkələr arasında səhiyyə əməkdaşlığının daha da inkişaf etdirilməsi baxımından tibb elmi, tibbi xidmətin göstərilməsi, tibbi sığorta, dərman və tibbi avadanlıqlar istehsal edən zavodların yaradılması və s. məsələlərə dair fikir mübadiləsi aparıblar.
İran Səhiyyə Nazirliyi nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı yerli mətbuata açıqlama verən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin isə tərəflər arasında imzalanmış memoranduma əsasən, Sumqayıtda birgə əczaçılıq zavodunun tikilməsi məsələsinin müzakirə mövzusu olduğunu söyləyib.
Xəbəri paylaş