Azərbaycan – İndoneziya səhiyyə əməkdaşlığı müzakirə olundu

Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayevin bu ölkənin səhiyyə naziri xanım Nila Muluk ilə görüşündə ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycanda son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində səhiyyə sahəsində müsbət dəyişikliklərin müşahidə olunduğunu vurğulayan səfir müasir standartlara cavab verən yüzlərlə yeni tibb və reabilitasiya mərkəzi, klinika və xəstəxana tikildiyini və bərpa edildiyini indoneziyalı nazirin diqqətinə çatdırıb.
Uzun müddət oftalmoloq kimi çalışmış, bu sahədə nailiyyətlər əldə etmiş xanım N.Mulukun sualını cavablandıran T.Qarayev görkəmli alim, akademik Zərifə xanım Əliyevanın ölkəmizdə oftalmologiyanın inkişafındakı əvəzsiz xidmətləri, Qafqaz regionunda bu sahədə ən böyük tibb ocağı olan Akademik Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzi haqqında məlumat verib.
Görüşdə iki ölkə arasında səhiyyə sahəsində əlaqələrin inkişafı, o cümlədən hazırda müzakirə mərhələsində olan sənədin – iki ölkənin səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun tezliklə imzalanması, mümkün mübadilə proqramları, əczaçılıq sahəsində əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş