Azərbaycanda indiyədək 25 xəstəyə sümük iliyi köçürülüb

Respublika Talassemiya Mərkəzində ölkəmizdə talassemiya xəstəliyi ilə bağlı vəziyyətə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Tədbirdə məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Respublika Talassemiya Mərkəzində indiyədək 25 xəstəyə sümük iliyi köçürülüb. Hazırda mərkəzdə dispanser qeydiyyatında olan 2 576 xəstə müalicə alır və dərmanlarla təmin edilir.
Bildirilib ki, Azərbaycanın təbabət tarixində ilk dəfə 2014-cü ilin may ayında bu Mərkəzdə 3 xəstəyə qohum donorlardan götürülən sümük iliyinin köçürülməsi əməliyyatları icra olunub. Azərbaycanlı həkimlərlə Belarus mütəxəssislərinin birgə apardığı bu əməliyyatlar uğurlu keçib. Həm sümük iliyinin transplantasiyası əməliyyatı, həm də xəstənin sonrakı müalicəsi Azərbaycan dövləti tərəfindən ödənilir. Nisbətən yeni tibbi prosedur olan sümük iliyinin köçürülməsi əməliyyatı MDB ölkələrindən yalnız Rusiya Federasiyası, Ukrayna və Belarusda, ümumilikdə isə dünyanın cəmi 19 ölkəsində tətbiq edilir. İlk dəfə belə əməliyyat 1968-ci ildə keçirilib.
“Dəyirmi masa”da son illər ölkəmizdə qan xəstəliklərinin müalicəsi istiqamətində ciddi addımlar atıldığı, bu xəstəlikdən əziyyət çəkənlərin müayinə və müalicəsinə diqqətin artırıldığı vurğulanıb. Qeyd olunub ki, Respublika Talassemiya Mərkəzinin 2009-cu ildə açılaraq bu xəstəlikdən əziyyət çəkənlərin istifadəsinə verildiyi vaxtdan indiyədək səhiyyə ocağında bu sahədə xeyli irəliləyişlər əldə edilib.
Mərkəzin direktoru Ceyhun Məmmədov deyib ki, bütün bunlar Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Səhiyyə Nazirliyinin dəstəyi ilə mümkün olub. O bildirib ki, talassemiya Azərbaycanda geniş yayılmış problemlərdən biridir. Məhz bu səbəbdən bu xəstəlikdən əziyyət çəkənlər daim dövlətimizin diqqət mərkəzindədir. Ötən il mərkəzə 19 147 müraciət olub. İlkin müraciət etmiş 1 998 nəfərdən 195-i dispanser qeydiyyata götürülüb. Bununla bərabər, “2011-2015-ci illər üçün talassemiya xəstəliyinin müalicəsi və profilaktikası üzrə Dövlət Proqramı” çərçivəsində mərkəzin həkimləri, tibb bacıları və laboratoriya işçiləri Səhiyyə Nazirliyi tərəfindən Türkiyə, İtaliya və digər xarici ölkələrə kurslara göndəriliblər. Mərkəzin laboratoriyası yeni avadanlıqlarla təmin olunub və istifadədə olan cihazlar yenilərək təkmilləşdirilib. Laboratoriyada ötən il orta aylıq müayinələrin sayı 2 150 olub.
C.Məmmədov qeyd edib ki, 2015-ci ilin oktyabr ayında mərkəzdə ilk dəfə autotransplantasiya əməliyyatı uğurla həyata keçirilib. Əməliyyatdan sonrakı sağalma göstəriciləri bu sahədə uzun illər təcrübəsi olan ölkələrin göstəricilərindən geri qalmır. Direktor əlavə edib ki, talassemiya daşıyıcılarının aşkar edilməsi məqsədilə ötən ilin iyun ayından nikaha girən cütlüklərin müayinəsi yüksək səviyyədə təşkil olunub.
Bu barədə danışan B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, Azərbaycanda nikaha daxil olmaq istəyən 5 780 nəfərdə talassemiya, 55 nəfərdə İİV/QİCS infeksiyası, 267 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb. Qeyd olunub ki, ötən il iyunun 1-dən bu ilin fevral ayınadək nikaha daxil olmaq istəyən 94 400 nəfərdən qan nümunələri götürülüb, 45 cütlükdə hər iki nəfərin talassemiya daşıyıcılığı aşkarlanıb. Onlardan 3-ü evlənməkdən imtina edib, 6 evlənmiş cütlükdə isə hamiləlik qeydə alınıb.
Diqqətə çatdırılıb ki, bölgələrdə çalışan həkimlər vaxtaşırı Səhiyyə Nazirliyi tərəfindən Mərkəzə ezam olunurlar. Eyni zamanda, Mərkəzin həkimləri də regionlara ezam edilir, əhali ilə maarifləndirici görüşlər keçirirlər. Bununla yanaşı, talassemiya mütəxəssislərinin beynəlxalq konfranslarda iştirakı dünya praktikasında bu xəstəliyin müayinə və müalicəsində istifadə olunan yeni üsulların öyrənilməsində böyük rol oynayır.
Xəbəri paylaş