Sertifikasiya imtahanları uğurla icra olunur

Praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi uğurla davam etdirilir.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, ölkə başçısının 21 dekabr 2009-cu il tarixli Fərmanı və Nazirlər Kabinetinin 8 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nı rəhbər tutaraq, 2015-ci ildə ümumilikdə 11 607 şəxsi əhatə etmiş sertifikasiya imtahanları keçirilib.
Ötən il ərzində sertifikasiya imtahanlarından 3 638 nəfər ali təhsilli mütəxəssis (o cümlədən 85 nəfər ali təhsilli əczaçı), həmçinin tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan 7 969 nəfər orta təhsilli şəxs (onlardan 26 nəfər əczaçılıq fəaliyyəti ilə məşqul olanlardır) keçib.
Test imtahanlarında iştirak edənlərin əksəriyyəti terapiya, pediatriya, stomatologiya, cərrahiyyə ixtisasları üzrə müraciət edənlərdir.
Orta tibb işçiləri arasında isə tibb bacısı, mama və feldşer ixtisasları üstünlük təşkil edir.
Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidməti göstərilməsini təmin etmək, ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsini və peşə yararlığını yoxlamaqdır. Sertifikasiya prosesinə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə cəlb olunur.
Xəbəri paylaş