Səhiyyə naziri Qazax ictimaiyyəti ilə görüşdü

Səhiyyə naziri Qazax ictimaiyyəti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizin müxtəlif şəhər və rayonlarında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşlarla görüşləri keçirilib. O cümlədən səhiyyə naziri Oqtay Şirəliyev Qazax şəhərində rayon ictimaiyyətinin nümayəndələri və sahibkarlarla görüşüb. Toplantıda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısının nitqindən irəli gələn vəzifələr müzakirə olunub.
Əvvəlcə tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qazax Gənclər Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, rayon ziyalıları, eləcə də Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri iştirak ediblər.
Toplantıda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək, son illər rayonda görülən işlər, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində həyata keçirilmiş və nəzərdə tutulan layihələr barədə məlumat verib, Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev son illərdə ölkəmizdə əldə edilən uğurlardan danışıb, hazırda həyata keçirilən üçüncü regional inkişaf proqramının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tapşırıqları və qarşıda duran vəzifələri diqqətə çatdırıb. O bildirib ki, dünyada baş verən iqtisadi böhran, enerji və maliyyə bazarlarında yaranmış vəziyyət, müəyyən siyasi proseslər Azərbaycana da təsirsiz ötüşmür. Bununla belə, ölkə rəhbərinin apardığı uğurlu siyasət, neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində onun atdığı qətiyyətli addımlar nəticəsində ölkəmizdə iqtisadi inkişaf və ictimai-siyasi sabitlik təmin edilir, dünya böhranının təsiri minimuma endirilib. Siyasi amillərlə bağlı olaraq dünya bazarında neftin qiymətinin 4 dəfə aşağı düşməsi Azərbaycanda qeyri-neft sektorunun inkişafı, korrupsiya ilə mübarizə, dovlət qurumlarında israfçılığın aradan qaldırılması, sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açılması kimi məsələləri daha da aktuallaşdırır.
Nazir vurğulayıb ki, bu gün ölkəmizdə sosial layihələr davamlı icra olunur, Azərbaycan dövləti öz vətəndaşları qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir. O cümlədən səhiyyə sahəsində də heç bir proqram, layihə yarımçıq kəsilməyib.
O.Şirəliyev Prezident İlham Əliyevin digər sahələr kimi, səhiyyə sektoruna xüsusi diqqət göstərdiyini xatırladıb, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyini, son 10 ildə 600-ə yaxın səhiyyə müəssisəsinin tikildiyini və ya əsaslı təmir olunduğunu, müasir avadanlıqla təchiz edildiyini bildirib. Təkcə ötən il yeni tikilmiş və əsaslı təmir olunmuş 26 tibb ocağının istifadəyə verildiyini, böyük tibb müəssisələrinin açılışında dövlət başçısının şəxsən iştirak etdiyini deyib. Belə müəssisələrdən daha birinin – Gəncə şəhərindəki Abbas Səhhət adına xəstəxananın bu yaxınlarda açılışının olacağını söyləyib.
Səhiyyə sahəsində dövlət proqramlarının uğurla yerinə yetirildiyini vurğulayan nazir deyib: “Bunun nəticəsi olaraq 200 mindən çox şəkərli diabet xəstəsi illər boyu dövlət hesabına bütün lazımi dərmanlarla təmin edilir. Diabetli uşaqlara insulin indi artıq şpris-qələmlə deyil, dərman pompası vasitəsilə vurulur. “Xroniki böyrək çatışmazlığı üzrə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə yaradılmış 34 hemodializ mərkəzində 3 minə yaxın xəstə davamlı müalicə alır. Bunun sayəsində onların ömrü uzanır, ölüm göstəricisi azalır, məhz buna görə xəstələrin sayı artır. Bu kateqoriya xəstələrə hazırda dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. 70-ə yaxın şəxsə böyrək köçürülməsi əslində ümidsiz xəstələri həyata qaytarmaq deməkdir. Hazırda ölkədə qaraciyər, sümük iliyi və s. orqan transplantasiyası əməliyyatları da aparılır. Dövlət onların hamısının dərman təminatını öz üzərinə götürüb”.
Belə əməliyyatların güclü maddi-texniki baza və yüksək ixtisaslı tibb kadrları sayəsində mümkün olduğunu vurğulayan Oqtay Şirəliyev qeyd edib ki, bu gün Azərbaycanın tibb işçiləri Türkiyə, Almaniya və digər inkişaf etmiş ölkələrdə hazırlıq keçir, bilik və bacarıqlarını artırırlar.
Səhiyyə naziri onu da bildirib ki, görülən işlərin nəticələri dövlət başçısının tapşırığı ilə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə keçirdiyi səyyar qəbullarda da özünü göstərir. Belə ki, əgər ilk vaxtlarda onun qəbuluna 80-100 sakin gəlirdisə, indi 20-30 nəfər gəlir. Əvvəllər vətəndaşların müraciətlərində müalicə məsələləri, xaricdə müalicə və s. üstünlük təşkil edirdisə, indi problemlərinin həllinə görə dövlət başçısına, səlahiyyətli qurumlara minnətdarlıq bildirənlər çox olur. Bu da öz növbəsində ölkə rəhbərliyinin düşünülmüş siyasətinin, görülən işlərin uğurlu nəticəsindən xəbər verir.
Yerlərdə sahibkarlığın inkişafı üçün dövlət tərəfindən bütün mümkün addımların atıldığını qeyd edən O.Şirəliyev bildirib ki, biznes mühitinin yaxşılaşdırılması, sahibkarların dəstəklənməsi məqsədilə lisenziyalaşdırma qaydaları sadələşdirilib, o cümlədən özəl tibbi fəaliyyətin təşkili də xeyli asanlaşıb.
Səhiyyə naziri ölkədə aparılan islahatların müvəqqəti deyil, daimi xarakter daşıdığını söyləyib, dövlət başçısı tərəfindən səhiyyə sektorunun qarşısında qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün maksimum səy göstəriləcəyini deyib.
Daha sonra toplantıda Milli Məclisin deputatları Ülviyyə Ağayeva və Kamran Nəbizadə görüş iştirakçılarını son illər parlamentdə sahibkarlığın inkişafı istiqamətində qəbul edilən qanunlar barədə məlumatlandırıblar.
Tədbirdə çıxış edən sahibkarlar Elçin Carçıyev və Tacəddin Mustafayev onları narahat edən problemlərə toxunublar. Bildirilib ki, dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən dəstək bu sahədəki problemlərin həllinə, daha yüksək nəticələr qazanılmasına imkan yaradır. İş adamları regionların inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Xəbəri paylaş




Avqust 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova