Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyi qeyd olundu

Dekabrın 21-də həkimlərin və əczaçıların müasir elmi-texniki tərəqqiyə uyğun səviyyədə ixtisaslarının artırılmasını və kadrların yenidən hazırlanmasını təmin edən təhsil müəssisəsinin – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) 80 illik yubileyinə həsr edilmiş konfrans keçirildi.
Tədbirin açılışından öncə İnstitut rəhbərliyi və yubiley tədbirində iştirak edən qonaqlar Fəxri Xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın və dövlət xadimi Əziz Əliyevin məzarlarını ziyarət etdilər.
Konfransın açılış mərasimində ilk söz Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadəyə verildi. O, Prezident İlham Əliyevin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyinə ünvanladığı təbrik məktubunu oxudu.
Sonra Ə.Əliyev adına ADHTİ-nin rektoru Nazim Qasımov institutun 80 illik tarixi və fəaliyyəti haqqında çıxış etdi, bu təhsil müəssisəsinin tarixinin ölkəmizdə səhiyyənin inkişafı ilə üst-üstə düşdüyünü dedi: “Azərbaycan səhiyyəsində həyata keçirilən bütün tədbirlərdə və quruculuq işlərində institutun kollektivi, burada mütəxəssis kimi yetişmiş şəxslər – S.Hacıhəsənov, M.Yaqubov, M.Mirsəlimov, M.Nəzirov, J.Babayev, Ş.Xalfen, S.Nəzərli, L.Ləmbəranski, M.Lurye, İ.Şakov, A.Mustafayev, M.İbrahimov, S.Qusman, M.Hüseynov, M.Kaclayev, A.Nəsirov və digərləri aktiv iştirak ediblər. ADHTİ-nin tarixində Əziz Əliyevin adı da çox önəmli yer tutub. 1962-ci ildə onun adının İnstituta verilməsi isə alimin əməyinə hörmətin və dəyərin göstəricisidir.
Təkmilləşdirmə İnstitutu tarixinin 30 ildən çoxu akademik Mirməmməd Cavad-zadənin adı ilə bağlıdır. Onun rəhbərliyi altında İnstitut inkişaf edərək, keçmiş Sovetlər Birliyində tanınmış tibb təhsili ocağına çevrilib. Akademik Zərifə Əliyevanın oftalmologiya elminə verdiyi önəmli töhfələr də onun məhz Ə.Əliyev adına ADHTİ-də çalışdığı illərə təsadüf edir”.
N.Qasımov İnstitutun əsas kafedralarının Bakının iri xəstəxanalarında yerləşməsi nəticəsində elmlə təcrübənin birgə fəaliyyətinin təmin edildiyini və həmin xəstəxanaların ölkə əhalisinə ixtisaslı tibbi yardım göstərən mərkəzlərə çevrildiyini vurğuladı.
Ənənələrin bu gün də davam etdirildiyini söyləyən rektor tibb mütəxəssislərinin peşə səviyyəsini yüksəltməyə, elmi-təcrübi işləri yaxşılaşdırmağa, əhaliyə yüksək səviyyədə tibbi yardım göstərməyə çalışdıqlarını, həmçinin İnstitutun beynəlxalq əlaqələrinin də genişləndiyini diqqətə çatdırdı.
Sonra yubiley tədbirində xarici və yerli tibb təhsili müəssisələrinin rəhbərləri çıxış etdilər. Rusiya Diplomdansonrakı Tibb Təhsili Akademiyasının rektoru, akademik L.Moşetova, Türkiyə Cumhuriyyəti İstanbul Universitetinin prorektoru, professor M.Savrans, Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyasının rektoru, professor M.Gerasimenko, Amerika – Avstriya Açıq Tibb İnstitutunun rektoru, professor V.Aulitski, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik B.Ağayev öz çıxışlarında institutla əməkdaşlıqlarından danışdılar, xatirələrini bölüşdülər.
Tədbirdə Ukrayna Milli Akademiyasının prezidenti, akademik B.Paton, P.Şupik adına Ukrayna Milli Diplomdansonrakı Tibb Təhsili Akademiyasının rektoru, akademik Y.Voronenko, Qazaxıstan Davamlı Tibb Təhsili Universiteti idarəçiliyinin sədri, professor Q.Togizbayev, Özbəkistan Nevroloqlar Assosiasiyasının sədri, professor M.Qafurov, Qomel Tibb Universitetinin Nevrologiya və neyrocərrahiyyə kafedrasının müdiri, professor V.Latışevanın İnstitutun yubileyi ilə əlaqədar təbrik məktubları ünvanladıqları qeyd edildi.
Tədbirin sonunda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev İnstitutun kollektivinə yubiley münasibətilə təbriklərini çatdırdı. ADHTİ-də çalışdığı dövrləri xoş xatirələrlə xatırlayan nazir hazırda ölkə səhiyyəsinin inkişafında, yüksək ixtisaslı kadr hazırlığında bu tibb ocağının mühüm rolunu vurğuladı.
Sonra səhiyyə naziri Azərbaycan Respublikası Prezidentinin yubileylə əlaqədar İnstitutun əməkdaşlarına təltiflərini mükafat sahiblərinə çatdırdı. Həmçinin ADHTİ-də qüsursuz və səmərəli fəaliyyətlərinə görə İnstitutun əməkdaşları Leyli Əhmədova, Süleyman Əliyev, Ulduz Həsənova, Xatirə Xanhüseynova, Maral İsmayılova, Yelena Marinçenko, Qalina Sadıkova, Fuad Sərdarlı, İntizar Sultanova və Dürdanə Tapdıqlı Səhiyyə Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edildilər.
Tədbir iştirakçılarına İnstitutun tarixinə və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi.
Konfrans öz işini ADHTİ alimlərinin elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışları ilə davam etdirdi.
Xəbəri paylaş