1 Dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür

Məlum olduğu kimi, 1988-ci ildən etibarən hər il dekabr ayının 1-i Ümumdünya QİÇS-lə Mübarizə günü kimi qeyd olunur. Məqsədi dünya ictimaiyyətinin diqqətini bu problemə yönəlmək olan bu gün münasibətilə hər il, digər ölkələrdə oldu kimi, Azərbaycanda da silsilə tədbirlər keçirilir. Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən «Park Bulvar»da təşkil olunan aksiya da bu qəbildən idi.
Tədbirdə əvvəlcə QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov mətbuat nümayəndələri üçün brifinq keçirdi. Onun sözlərinə görə, ÜST və UNAIDS-in 2015-ci ilə aid məlumatında göstərilir ki, İİV-lə mübarizədə qalibiyyət yalnız yeni yoluxma hallarının qarşısının alınması və antiretrovirus müalicəsinə əlçatanlığın genişləndirilməsi yolu ilə mümkündür: «Dünya miqyasında gələcək 5 il müddətində 90-90-90 məqsədinə (yəni İİV-ə yoluxanların 90%-nin öz İİV statusunu bilməsi, onların 90%-nin ART-yə cəlb olunması, sonuncuların 90%-nin virus yükünün sıfıra endirilməsi) çata biləcəyimiz halda, 2030-cu ildə epidemiyaya qalib gələ bilərik. Həmin məlumatda qeyd edilir ki, 2014-cü ilin sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,9 milyon nəfər təşkil edib ki, onlardan da 2 milyon nəfəri həmin il yoluxanlardır. Xilasedici ARV-terapiya (ART) qəbul edənlərin sayı 14,9 milyon nəfər olub. Onlardan 823 min nəfəri uşaqlar, 1,5 milyonu hamilə qadınlardır. 2014-cü ildə 1,2 milyon nəfər İİV-lə bağlı vəfat edib».
N.Zülfüqarov onu da qeyd etdi ki, İİV/QİÇS problemi Azərbaycanda daim Səhiyyə Nazirliyinin nəzarətindədir: «Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələrdəndir, burada yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir. 2015-ci ilin 11 ayı ərzində ölkəmizdə 618 nəfərdə İİV-ə yeni yoluxma faktı təsdiqlənib. Onlardan 598-i Azərbaycan vətəndaşı, 20 nəfəri əcnəbidir. Qeydiyyata alınmış 598 Azərbaycan vətəndaşından 409-u kişi, 189-u qadındır. Ümumilikdə, 2015-ci ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 4453 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 3257-si kişi, 1197-si qadındır. QİÇS mərhələsində olanlar 1229 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı isə 719 nəfər olub».
Şöbə müdirinin sözlərinə görə, İİV-lə yaşayan insanlardan 49%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi, 41%-də heteroseksual, 2%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 0,02%-də donor qanının köçürülməsi nəticəsində baş verib. 6,2%-də yoluxma yolu müəyyən edilməyib: «Səhiyyə Nazirliyi İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsini təmin edir. Bu iş əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. 2006-cı il noyabrın 8-dən tətbiq edilən antiretrovirus müalicəsinə hazırda 2899 İİV-lə yaşayan insan cəlb olunub. Onlardan 523 nəfərə müalicə bu il başlanılıb. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını almaq üçün 205 hamilə ART-yə qoşulub. Ailə Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar 2015-ci il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 62 302 şəxs İİV-ə görə müayinə edilib, 45 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib».
N.Zülfüqarov onu da bildirdi ki, 2015-ci ilin ilk 11 ayı ərzində Mərkəzin əməkdaşları əhali arasında maarifləndirmə tədbirlərini davam etdiriblər: «Ölkə əhalisinin İİV statuslarından xəbərdar olması məqsədilə avqust ayında ölkədə «İİV müayinəsi üzrə milli həftəlik», 20-27 noyabr 2015-ci il tarixində «Avropa İİV-ə testləşmə həftəliyi» təşkil olunub. İİV/QİÇS, sağlam və təhlükəsiz yaşam barədə biliklərin artırılmasına yönəldilmiş buklet, broşür, banner kimi maarifləndirici məlumatlar dərc edilərək paylanılıb. Əsas diqqət, həmişə olduğu kimi, risk qrupları üzərində qalmaqdadır. İİV-ə görə xidmətlərin əlçatanlığını təmin etmək məqsədilə ölkə ərazisində 50 stasionar və 12 səyyar məntəqədən ibarət könüllü məsləhət və müayinə şəbəkəsi fəaliyyət göstərir. Risk qrupları arasında İİV-in yayılmasının qarşısını almaq üçün QHT-lər və müvafiq beynəlxalq qurumlarla iş davam etdirilir».
Sonda aksiya iştirakçıları arasından arzulayanlar könüllü müayinədən keçirildilər, onlara maarifləndirici buklet, broşür və bannerlər təqdim olundu.
Xəbəri paylaş