Bakıda I Türkiyə – Azərbaycan Onkologiya Günləri

Bakıda I Türkiyə – Azərbaycan Onkologiya Günləri
Bakıda Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) və Türkiyə Tibbi Onkologiya Dərnəyinin təşəbbüsü ilə Birinci Türkiyə – Azərbaycan Onkologiya Günləri keçirilib. Türkiyənin tanınmış onkoloqlarından ibarət nümayəndə heyətinin qatıldığı toplantıda onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin ən aktual problemləri, habelə müasir onkologiyanın qarşısında duran vəzifələr müzakirə edilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini dərin ehtiramla yad edib, abidələri önünə əklil və gül dəstələri qoyublar.
Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önünə əklil qoyublar.
Türkdilli ölkələrin onkoloqlarını bir araya gətirmək məqsədi daşıyan I Türkiyə – Azərbaycan Onkologiya Günlərinin rəsmi açılış mərasimində əvvəl Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev çıxış edərək, konqresin işinə uğurlar arzulayıb, MOM barədə tədbir iştirakçılarına məlumat verib. Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi üçün yaradılan şəraitdən danışan natiq MOM-un cərrahiyyə korpusunun inşa edildiyini, 9 bölgədə onkoloji dispanserin, Bakıda isə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının fəaliyyət göstərdiyini, hazırda Mərkəzdə diaqnostika və poliklinika şöbələrinin tikintisinin aparıldığını söyləyib. Qeyd edilib ki, Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq, hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz olunub. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı qəbul edilmiş müvafiq dövlət proqramına əsasən həyata keçirilir.
Türkiyə Tibbi Onkologiya Dərnəyinin rəhbəri Gökhan Demir konqresin əhəmiyyətindən danışaraq deyib ki, əsas məqsəd Azərbaycan və Türkiyə onkoloqları arasında əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması, eləcə də onkologiya sahəsində ən son nailiyyətlərin müzakirəsi üçün imkan yaratmaqdır. O həmçinin rəhbərlik etdiyi qurumun fəaliyyətindən də söhbət açıb.
Konqresin həmsədrləri Necati Alkış (Türkiyə) və Azad Kərimli (Azərbaycan), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin əlaqələndiricisi Mustafa Haşım Polat da çıxışlarında hər iki ölkənin mütəxəssislərinin onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində öz tədqiqat və təcrübələrinin sirlərini bölüşəcəklərinə əminliklərini ifadə ediblər. Bildirilib ki, iki gün davam edəcək konqresdə onkoloji patologiyaların diaqnostikası və müalicəsinin təfərrüatları, təbabət elmi və səhiyyənin müxtəlif aktual problemləri, onkologiya qarşısında duran vəzifələr və onların potensial həlli yolları da daxil olmaqla, bir çox mövzular sessiyalarda müzakirə ediləcək.
Sonra konqres öz işini MOM-un baş direktorunun müavini Murad Məmmədovun sədrliyi ilə “Limfomalar” mövzusunda sessiya ilə davam etdirib.
Onkologiya Günləri konqresində həmçinin “Yoğun bağırsaq şişləri”, ”Süd vəzisi xərçəngi”, ”Baş və boyun şişləri”, “Ağciyər xərçəngi” və “Ginekoloji xərçənglər” mövzularında sessiyalar keçirilib, müzakirələr aparılıb.
I Türkiyə – Azərbaycan Onkologiya Günləri çərçivəsində Türkiyənin bir qrup tanınmış onkoloqu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində olub. Qonaqlar MOM-un ən müasir avadanlıqlarla təchiz edilmiş müalicə, cərrahiyyə, radiologiya korpuslarını gəziblər. Xüsusilə reanimasiya şöbəsi onlarda xoş təəssürat yaradıb.
Mərkəzin baş həkimi Azad Kərimli türkiyəli həmkarlarına tibb müəssisəsi barədə ətraflı məlumat verib.
Sonra Türkiyənin nümayəndə heyəti MOM-un baş direktoru, akademik Cəmil Əliyevlə görüşüb. “I Türkiyə – Azərbaycan Onkologiya Günləri” konqresi kimi mühüm bir tədbirin Bakıda keçirilməsini təkcə Mərkəzin, ölkə səhiyyəsinin deyil, son illər davamlı inkişafda olan Azərbaycanın çox böyük uğuru adlandıran Cəmil Əliyev Türkiyə və Azərbaycan mütəxəssisləri arasında onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üzrə təcrübələrin, elmi işlərin, standartların mübadiləsinin ölkəmizdə tibbi xidmətin və əhalinin sağlamlığının qorunmasının keyfiyyətinin daha da artırılmasına xidmət edəcəyinə əminliyini bildirib.
Türkiyəli onkoloqlar Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən tibbi xidmətin Qərb standartlarına cavab verən keyfiyyət göstəricilərinə qədər yüksəlməsini vurğulayıblar.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova