Paytaxt poliklinikalarında aylıq keçirilir
Hər il olduğu kimi, bu il də 1 oktyabr – “Beynəlxalq ahıllar günü” ərəfəsində heriatriya sahəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə bir sıra tədbirlər hazırlanır. Bu məqsədlə müəyyənləşdirilmiş Tədbirlər planına uyğun olaraq, sentyabrın 15-dən etibarən bir ay müddətində Bakıda fəaliyyət göstərən poliklinikalarda “Açıq qapı aylığı” adlı aksiya keçirilir.
Aylıq çərçivəsində Bilgəh qəsəbəsində yerləşən qocalar evinin sakinlərinə, Respublika Veteranlar Şurasının üzvlərinə, Ombudsman aparatı “Ahıllar üçün resurs mərkəzi”nin üzvlərinə həkim-heriatr briqadası tərəfindən ixtisaslaşmış tibbi yardım göstəriləcək və ehtiyac olduğu halda onlar dispanser qeydiyyatına götürüləcəklər.
Aksiya çərçivəsində həmçinin “Sağlamlıq sahəsi”-nə şəhər poliklinikalarından göndərişlə xroniki ürək-damar, tənəffüs, mədə-bağırsaq, ginekoloji, endokrinoloji, nevroloji, LOR, stomatoloji və s. xəstəliklərlə müraciət etmiş pasiyentlər müayinə olunacaq və onlara müalicə kursu təyin ediləcək. Əsasən sağlamlaşdırıcı və reabilitasiya məqsədi daşıyan müayinə kursu müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iynərefleksoterapiya, masaj, psixoterapiya, musiqi terapiyası, müalicəvi qidalanma və s. müalicə üsullarından ibarətdir.
Aylıq ərəfəsində paralel olaraq şəhər poliklinikalarında terapevt-herontoloqlar cəlb olunmaqla Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Uzunömürlülər laboratoriyası ilə birgə herontologiyanın aktual problemlərinə dair seminar keçirilib.
Hər il olduğu kimi, bu il də Ş.M.Həsənov adına “Sağlamlaşdırma və reabilitasiya” poliklinikasında “Beynəlxalq ahıllar günü” ahıl kontingentlə bərabər qeyd olunacaq. Burada ahıl pasiyentlər müayinə edilərək dispanser qeydiyyatına götürüləcək və onlara müvafiq müalicə kursu təyin olunacaq.