Sağlamlığa dair iki yeni portalın təqdimatı oldu
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) əhalinin maarifləndirilməsi sahəsində növbəti innovativ layihənin təqdimatı keçirilib. İSİM-in www.saglamliq.isim.az maarifləndirici internet səhifəsində reproduktiv sağlamlıq və qeyri-infeksion xəstəliklərə həsr edilən iki məlumat portalı yaradılıb və oxucuların istifadəsinə verilib. Təqdimat mərasimində İSİM-in Səhiyyə kommunikasiyası və ictimai əlaqələr şöbəsinin PR meneceri Səadət Hənifəyeva sayt və yeni portallar barədə məlumat verib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə qurulmuş, “Qeyri-infeksion xəstəliklərə dair Məlumat Portalı” adlanan birinci maarifləndirmə resursu müxtəlif xəstəliklər səbəbindən xəstələnmə və ölüm hallarının profilaktikası məqsədi daşıyır. Burada sübutlu təbabət əsasında şəkərli diabet, yüksək qan təzyiqi, artıq çəki və piylənmə, sağlam qidalanma, tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, fiziki aktivlik, stresin idarə olunması və sairlə bağlı ətraflı məlumat və tövsiyələr əldə etmək mümkündür. Bununla yanaşı, istənilən şəxs portalda yaradılan “Mənim sağlamlığım” bölməsinə daxil olaraq, ümumi sağlamlıq vəziyyətini qiymətləndirməklə öz sağlamlığı üçün risk amillərini müəyyənləşdirə və onların aradan qaldırılması üçün dəyərli məlumatlar əldə edə bilər.
BMT-nin Əhali Fondu (UNFPA) ilə əməkdaşlıqda yaradılmış “Reproduktiv sağlamlıq portalı”nın isə əsas məqsədi ana və uşaq ölümünün azaldılması, doğuşların təhlükəsiz aparılması, yeni doğulmuşlara keyfiyyətli tibbi qayğı göstərilməsi, mamalıq ağırlaşmalarının profilaktikasıdır. İstənilən qadın “Mənim reproduktiv sağlamlığım” bölməsinə daxil olaraq, öz reproduktiv sağlamlıq vəziyyətini qiymətləndirə bilər.
Portalda yerləşdirilən məlumatlar tibb elminin müasir tövsiyələrinə əsaslanır, onların hazırlanmasında UNİCEF, ÜST, ABŞ-ın CDC, Böyük Britaniyanın NHS və NİCE təşkilatlarının əhali üçün nəzərdə tutulan informasiya və təlim materiallarından istifadə edilir.