21-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi
Sentyabrın 18-dən 20-dək Bakı Ekspo Mərkəzində “BIHE 2015” 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi keçiriləcək. Artıq 21 ildir ki, sərgi tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları, habelə əczaçılar və elm xadimləri arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün platforma rolunu oynayır. Bununla yanaşı, “BIHE” sərgisi Azərbaycanda səhiyyə sisteminin daha da səmərəli olmasına kömək edir.
Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.
Bu il “BIHE” iştirakçılarının təxminən 60%-ni xarici şirkətlər təşkil edir. Hazırda iştirakçıların siyahısında dünyanın 15 ölkəsindən təxminən 120 şirkət var. Çex Respublikası sərgidə milli stendlə çıxış edəcək. Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə əczaçılıq şirkətləri isə sərgidə ilk dəfə olaraq birgə stendlə iştirak edəcək. Sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqlar üzrə aparıcı yerli distribüterlər də iştirak edəcək. Yerli distribüterlər arasında “ARASH Medical”, “Besan”, “Vitta”, “Labservis” və digər şirkətlər yer alır.
Ümumilikdə, bu il iştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları, birdəfəlik istifadə materialları, dərman preparatları, tibbi alətlər, eləcə də uşaq qidaları təqdim edəcəklər. Həmçinin bu il sərgidən əvvəl “onlayn” kataloq işıq üzü görəcək. Bu kataloq sərgidə nümayiş etdiriləcək müxtəlif səhiyyə sahələri üzrə yeni məhsulları əks etdirəcək. Belə ki, kataloqa qanın maksimum dəqiq və ətraflı analizini, ana bətnində döl qüsurlarının erkən diaqnostikasını həyata keçirən ən son aparatlar, xəstənin bədən vəziyyətinin tənzimlənməsi üçün müxtəlif funksiyalı ən yeni əməliyyat kürsüləri, müxtəlif yeni əczaçılıq preparatları və digər məhsullar daxil edilib. Yeni məhsulların “onlayn” kataloqunu sərginin açılışına bir həftə qalmış www.bihe.az veb-saytından əldə etmək mümkün olacaq.
Sərgi “Tibbi turizm” sektorunu fəal şəkildə inkişaf etdirir və bu il həmin sektor çərçivəsində xaricdə müalicənin təşkili ilə məşğul olan 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Bunların arasında Gürcüstan, İsrail, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzləri var. İlk dəfə olaraq, Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri birgə milli stendlə çıxış edəcək. Sərgidə xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edəcək. Bu il “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.
“BIHE 2015” sərgisi öz geniş işgüzar proqramı ilə də fərqlənəcək. Belə ki, sentyabrın 18-də Bakı Ekspo Mərkəzində “Kardiologiyanın aktual problemləri” mövzusuna həsr olunmuş konfrans keçiriləcək. Konfransın sponsoru Sloveniyanın “KRKA” əczaçılıq şirkətidir. Sentyabrın 19-da isə yenə orada “Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir diaqnostika və müalicə metodları” mövzusunda 9-cu elmi-praktiki konfrans təşkil olunacaq. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” İctimai Birliyinin dəstəyi ilə keçirilən konfransda mütəxəssislər ən yaxşı təcrübələrini öz həmkarları ilə bölüşə biləcəklər. Builki yeniliklərdən biri də tibbi turizm sektoru çərçivəsində “B2B” formatlı korporativ görüşlərin təşkili olacaq.
“BIHE” sərgisi ilə paralel daha iki tədbir – 10-cu Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya (“Stomatology Azerbaijan 2015”) və 9-cu Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb (“Beauty Azerbaijan 2015”) sərgiləri keçiriləcək.
Beləliklə, “BIHE” sərgisi səhiyyə sahəsində çalışan peşəkarların ünsiyyəti üçün əsas tədbir olmaqla yanaşı, təbabət üzrə ən son məhsullar, müalicə metodikası və aparıcı texnologiyaların nümayiş etdirildiyi məkana çevriləcək.
Artıq indidən sərginin rəsmi veb-saytında ziyarətçilər üçün “onlayn” qeydiyyat sistemi (http://bihe.az/2015/?p=visitors_fast_register) fəaliyyət göstərir.