İSİM tütün əleyhinə videoçarx hazırlayıb
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ictimai səhiyyə məsələlərinə aid sosial videoçarxların yerli şəraitə uyğunlaşdırılması üzrə daha bir layihəni yekunlaşdırıb. Avstraliyanın Onkoloji Xəstəliklər İnstitutunun “Sponge” tütünlə mübarizə kampaniyasının videoçarxı İSİM-in mütəxəssisləri tərəfindən Azərbaycan dilində hazırlanıb.
Beynəlxalq aləmdə böyük maraq doğuran və bir çox dillərdə səsləndirilən videoçarxda gündə bir qutu siqaret çəkən insanın ağciyərlərinə il ərzində daxil olan kanserogen maddələrin miqdarı nümayiş etdirilir. Videoçarxda sadə, lakin çox təsiredici qrafikadan istifadə olunur ki, bu da siqaret çəkən insanları tütünün sağlamlığa zərərli təsiri barədə düşünməyə və bu təhlükəli vərdişdən imtina etməyə vadar edir.