Səhiyyə Nazirliyi tabeliyindəki idarə və müəssisələrə tapşırıqlar verdi
Səhiyyə Nazirliyində Bakı şəhərində fəaliyyət göstərən və Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə idarə və müəssisələri rəhbərlərinin iştirakı ilə iclas keçirilib.
Toplantı iştirakçılarına məlumat verilib ki, paytaxtda nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair ölkə başçısının tapşırıqlarının icrası məqsədilə Nazirlər Kabinetində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının iclası olub və orada “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Protokol imzalanıb. Bu sənəddən irəli gələn vəzifələrin icrası məqsədi ilə iclasda Səhiyyə Nazirliyinin tabeçiliyində olan idarə və müəssisələrin rəhbərlərinə tapşırılıb ki, mümkün olduğu hallarda rəhbərlik etdikləri qurumlarda çalışan işçilərin öz şəxsi avtomobillərini iş vaxtı ümumi qaydaya uyğun olaraq müəssisənin həyətyanı ərazilərində park etməsinə şərait yaratsınlar. Həyətyanı sahələrdə maşın saxlanması üçün yerlərin ayrılması 2015-ci il sentyabrın 1-dən təmin olunmalıdır.
Eyni zamanda, toplantıda səhiyyə idarə və müəssisələrinin rəhbərlərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrinin 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə” imzalanmış müvafiq əmrin icrasına dair lazımi tapşırıqlar da verilib.