Naxçıvanda Yoluxucu Xəstəliklər Mərkəzi istifadəyə verildi

Naxçıvanda Yoluxucu Xəstəliklər Mərkəzi istifadəyə verildi

Naxçıvan şəhərində Muxtar Respublikanın (MR) Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binasının açılışı olub.
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun iştirak etdiyi açılış mərasimində Naxçıvan MR-nın səhiyyə naziri Niyazi Novruzov çıxış edərək, Muxtar Respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışıb. Məlumat verib ki, ötən il və bu ilin 6 ayı ərzində burada 18 səhiyyə müəssisəsi tikilib, 3 müəssisə yenidən qurulub. Yoluxucu Xəstəliklər Mərkəzi üçün yeni tikilmiş binanı həyata keçirilən səhiyyə quruculuğu tədbirlərinin davamı adlandıran Niyazi Novruzov səhiyyə sisteminin müasirləşdirilməsi və əhalinin sağlamlığının qorunması sahəsində görülən işlərə görə Naxçıvanın səhiyyə işçiləri adından minnətdarlıq edib.
Çıxış edən həkim-reanimatoloq Xeyrənsə Babayeva deyib ki, Yoluxucu Xəstəliklər Mərkəzinin ekoloji sağlam ərazidə tikilmiş və lazımi tibbi avadanlıqlarla təchiz olunmuş yeni binasında yaradılan şərait kollektivin səmərəli fəaliyyət göstərməsinə, səhiyyə xidmətinin nümunəvi təşkilinə, insanların sağlamlığının etibarlı şəkildə qorunmasına imkan verəcək.
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov yeni Mərkəzin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib və bildirib ki, bu gün Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Naxçıvanda da səhiyyənin inkişafına xüsusi diqqət yetirilir. Bu sahədə quruculuq tədbirləri, müasir iş şəraitinin yaradılması ilə yanaşı, tibb müəssisələrinin təyinatı üzrə fəaliyyətini təmin etmək əsas məsələlərdəndir: “Səhiyyə müəssisələrinin kollektivləri insanların xəstələnib onlara müraciət etməsini gözləməməlidirlər. Onlar xəstəliklərin vaxtında qarşısının alınması üçün tədbirlər görməli, əhali arasında olmalı, maarifləndirmə işinə üstünlük verməlidirlər. Bu gün istifadəyə verilən Yoluxucu Xəstəliklər Mərkəzinin də əsas təyinatı əhalinin bu xəstəliklərə yoluxmaması üçün vaxtında maarifləndirmə və profilaktiki tədbirlərin aparılmasından ibarət olmalıdır. Muxtar Respublikada bu işlərin görülməsi üçün geniş imkanlar var”.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib və tibb müəssisəsi ilə tanış olub. Məlumat verilib ki, mərkəzin yeni dördmərtəbəli binasında Yoluxucu xəstəliklər, QİÇS-lə mübarizə və Dəri-zöhrəvi xəstəliklər şöbələri fəaliyyət göstərəcək. Binanın əlavə girişlərinin olması xəstələrin şöbələr üzrə qəbuluna imkan verəcək.
Mərkəzdə tibbin ən son yenilikləri tətbiq olunub, müasir avadanlıqlar quraşdırılıb, rahat palatalar, iş və sinif otaqları, müasir tibbi tələblərə uyğun laboratoriyalar yaradılıb. Bina mərkəzi qaz və kompüter şəbəkəsi, lift, istilik və su sistemləri ilə təchiz olunub.
Sonra kollektivlə görüşən Ali Məclisin Sədri Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binasında yaradılan şəraitdən razı qaldığını söyləyib. Həkim və tibb işçilərinə xəstələrin müalicəsinin hərtərəfli təşkili, səhiyyə maarifi işinin və profilaktika tədbirlərinin gücləndirilməsi ilə bağlı tövsiyələrini verib.
Mərkəzin həkimi Sevil İbrahimova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova