I Avropa Oyunlarında fərqlənmiş tibb işçiləri təltif olundular
“Bakı – 2015” I Avropa Oyunları zamanı tibbi xidmətin təmin edilməsində öz vəzifələrini yüksək səviyyədə icra etdiklərinə görə bir qrup tibb işçisi mükafatlandırılıb. Bu münasibətlə Səhiyyə Nazirliyində təltif olunmuş şəxslərə mükafatların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev ilk olaraq toplantı iştirakçılarını belə bir mötəbər yarışın böyük uğurla başa çatması münasibətilə təbrik edib. İlk ümumqitə yarışlarının Azərbaycanda keçirilməsini tarixi hadisə adlandıran nazir bildirib ki, Vətənimizin tarixinə böyük nailiyyət kimi həkk olunan bu oyunlar Avropa idman tarixində yeni səhifə açmaqla yanaşı, ölkəmizin tərəqqisinin, qüdrətinin sübutu baxımından da böyük əhəmiyyət kəsb edir: “Qitə tarixində ilk belə idman bayramına ev sahibliyi edən Azərbaycan bir daha bütün dünyaya öz inkişafını, qüdrətini, zəngin tarixini və mədəniyyətini, ölkə rəhbəri ilə xalqın birliyini nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhkəm iradəsi, uzaqgörənliyi, xalqa, Vətənə sevgisi belə möhtəşəm bir tədbiri bu qədər yüksək səviyyədə keçirməyə imkan yaratdı. Sözsüz ki, I Avropa Oyunlarının belə təntənəli uğurunda Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Onun təşkilatçılıq bacarığı, zövqü, hətta ən xırda məsələlərə də diqqətlə yanaşması sayəsində məhz Azərbaycanda Avropa Oyunlarının yüksək standartları və ənənələri formalaşdı”.
Oqtay Şirəliyev vurğulayıb ki, oyunların keçirildiyi 17 gün ərzində və ondan əvvəl hazırlıq işlərinin gedişində ölkənin bütün qurumları bu böyük idman bayramına əllərindən gələn töhfəni verib. O cümlədən Azərbaycanın səhiyyə xidmətinin, tibb işçilərinin də üzərinə böyük məsuliyyət düşürdü və onlar vəzifələrinin öhdəsindən ləyaqətlə gəliblər.
Nazir qeyd edib ki, I Avropa Oyunları zamanı 900-ə yaxın yerli mütəxəssis, o cümlədən təcili yardım xidmətinin və müxtəlif tibb müəssisələrinin tibbi personalı, könüllülər iştirakçılara, tamaşaçılara tibb xidməti göstərmək üçün cəlb olunub. Bakı və Mingəçevir şəhərlərində bütün idman komplekslərində və Olimpiya şəhərciyində tibb məntəqələri yaradılıb. Oyunlar müddətində müxtəlif sağlamlıq problemləri ilə 6 mindən çox müraciət olub və tibbi yardım göstərilib.
Oqtay Şirəliyev xüsusi vurğulayıb ki, beynəlxalq mütəxəssislər bu tədbir dövründə tibb xidmətinin təşkilini yüksək qiymətləndiriblər. Tibbi xidmətlərin səviyyəsi, keyfiyyəti ilə bağlı heç bir irad, nöqsan qeyd olunmayıb.
Daha sonra I Avropa Oyunlarının tibbi təminatında öz vəzifə borclarını layiqincə və yüksək səviyyədə yerinə yetirdiklərinə görə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Kliniki Tibbi Mərkəzin, Bakı Sağlamlıq Mərkəzinin, İİV/QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Layihə Əlaqələndirmə Bürosunun və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivlərinə Səhiyyə Nazirliyi tərəfindən təşəkkür elan olunub.
Sonda fərqlənmiş tibb işçilərinə Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanları, “Fəxri Fərman”ları və yadigar hədiyyələr təqdim edilib.