“Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi”

“Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi”

Bakıda bu mövzuda Azərbaycan Uroloqlarının I Beynəlxalq Konqresi keçirildi

Mayın ilk günlərində Azərbaycan, Almaniya, Avstriya, Gürcüstan, Rusiya, Qazaxıstan və Türkiyənin uroloqları Bakıda “Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi” mövzusunda Uroloqların Birinci Beynəlxalq Konqresinə toplaşmışdılar.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ), Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Azərbaycan Uroloqlar Assosiasiyasının təşkilati dəstəyi ilə reallaşan konqresin açılışında ADHTİ-nin rektoru Nazim Qasımov çıxış edərək, Azərbaycan səhiyyəsinin son illərdə sürətlə inkişaf etdiyini, yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış 600-dən çox tibb müəssisəsinin ən müasir tibbi avadanlıq və cihazlarla təchiz olunduğunu qonaqların diqqətinə çatdırıb. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin beynəlxalq standartlara çatdırılması üçün bütün zəruri tədbirlər əzmlə həyata keçirilir. Bu sahədə əsas vəzifələrdən birinin Azərbaycan tibb elminin inkişafı və onun dünya tibb elminə inteqrasiyası olduğunu deyən rektor bunun üçün dövlətimiz tərəfindən alimlərə bütün imkanların yaradıldığını bildirib. O, son illərdə ADHTİ-nin Türkiyə, Rusiya, Belarus, Almaniya və digər ölkələrin aparıcı universitetləri ilə tibb təhsili və elmi araşdırmalara dair bağladığı müqavilələrdən söz açıb, qeyd edib ki, bu müqavilələr əsasında institutun onlarla əməkdaşı həmin təhsil müəssisələrində ən müasir texnologiyalara yiyələnir və Vətənə dönərək, qazandıqları bilik və təcrübələri öz gündəlik işlərində tətbiq edirlər.
Azərbaycanda urologiyanın inkişaf tarixindən danışan N.Qasımov akademik M.Cavadzadənin təşəbbüsü və rəhbərliyi ilə 1966-cı ildə keçmiş Sovet İttifaqında ilk dəfə Bakıda ixtisaslaşdırılmış uroloji müalicə müəssisəsinin – Respublika Uroloji Xəstəxanasının yaradıldığını, 1972-ci ildə tək Azərbaycanda deyil, hətta Qafqaz və Orta Asya ölkələrində ilk dəfə böyrəkköçürmə əməliyyatı aparıldığını xatırladıb. Rektor deyib ki, bu gün Azərbaycanda ən mürəkkəb endo-uroloji cərrahiyyə əməliyyatları, eləcə də böyrək transplantasiyası uğurla həyata keçirilir.

“Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi”

Azərbaycan Uroloqlar Assosiasiyasının prezidenti, professor Samir Cavadzadə isə çıxışında konqresin əhəmiyyətini qeyd edib, bu mühüm beynəlxalq tədbirə təşkilati dəstək göstərənlərə minnətdarlığını bildirib.
Konqresdə “Sidikdaşı xəstəliyinin intervension müalicəsinin nailiyyətləri” mövzusunda ilk məruzəni almaniyalı mütəxəssis, Avropa Uroloqlar Assosiasiyasının urotexnoloji bölümünün sədri, professor Yens Rassvayler edib.
Sonra professorlar Aleksey Martovun (Rusiya), Samir Cavadzadənin (Azərbaycan), Kemal Sarıcanın (Türkiyə), Emil Çebanın (Moldova) və digər tanınmış uroloqların urologiyanın ən aktual problemlərinə həsr olunan məruzələri dinlənilib, mövzular ətrafında diskussiyalar aparılıb, suallar cavablandırılıb.
Konqres çərçivəsində həmçinin Rusiyanın tanınmış uroloqları tərəfindən Milli Onkologiya Mərkəzində cərrahiyyə əməliyyatları aparılıb və onlar birbaşa konfrans salonundan izlənilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova