Naxçıvan Dövlət Universitetinin Xəstəxanası istifadəyə verilib
Naxçıvan Dövlət Universitetinin (NDU) yeni xəstəxana binasının açılış mərasimində universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Saleh Məhərrəmov çıxış edərək, son illər NDU-da təhsilin səviyyəsinin yüksəldilməsi üçün görülən işlərdən danışıb. Xəstəxana üçün müasir binanın istifadəyə verilməsini dövlət qayğısının təzahürü adlandıran S.Məhərrəmov buna görə universitetin kollektivi adından minnətdarlıq edib.
Tibb fakültəsinin yeni xəstəxana binasının açılışı münasibətilə müəllim və tələbələri təbrik edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu səhiyyə ocağını tələbələrin həkimlik peşəsini yaxşı mənimsəməsi, ilkin tibbi vərdişlərə yiyələnməsi üçün görülən tədbirlərin tərkib hissəsi adlandırıb, burada universitetin 6 minə yaxın tələbə-müəllim heyətinə nümunəvi tibbi xidmət göstəriləcəyinə əminliyini bildirib.
Sonra Vasif Talıbov açılışı bildirən lenti kəsib və yaradılan şəraitlə tanış olub.
Xəstəxanada professor-müəllim heyəti üçün yaxşı iş şəraiti, tələbələr üçün isə yüksək bilik və bacarıqlara yiyələnmək imkanı mövcuddur. Burada çalışan həkimlər və tibb işçiləri peşəkar tibbi kadrların hazırlanmasına öz töhfələrini verməklə yanaşı, həm də insanların sağlamlığının qayğısına qalacaqlar.
Daha sonra kollektivlə görüşən Ali Məclisin Sədri deyib ki, NDU-nun xəstəxana binasında həm yüksək tədris imkanı yaradılıb, həm də insanların sağlamlığının qayğısına qalmaq üçün müasir avadanlıqlar quraşdırılıb: “Bugünkü səhiyyənin əsasını təşkil edən bu avadanlıqlar yaxşı öyrənilməli, onlardan səmərəli istifadə olunmalıdır”.
Naxçıvan Muxtar Respublikasının Əməkdar Həkimi Malikəjdər İbrahimov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.