Sizin Reklam Burada!

Türk dillərində tibbi terminologiyanın inkişafına töhfə verən yeni lüğət

Türk dillərində tibbi terminologiyanın inkişafına töhfə verən yeni lüğət

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Türk dillərinin tibbi terminoloji lüğətləri” adlı ikicildlik nəşrin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov tibbi terminologiyanın əhəmiyyətindən bəhs edərək bildirib ki, bu sahə ən qədim terminologiya sahələrindən biridir. Əsasən latın və yunan dillərinə söykənsə də, zamanla beynəlxalq elmi mühitdə formalaşaraq tibb elminin və praktik fəaliyyətin ayrılmaz hissəsinə çevrilib. O vurğulayıb ki, bu terminlər olmadan tibbi təcrübəni və elmi nailiyyətləri təsəvvür etmək mümkün deyil.
Akademik qeyd edib ki, ayrı-ayrı terminlərin mahiyyətini anlamaq üçün bəzən uzunmüddətli araşdırmalar tələb olunur. Terminologiya sahəsində fərqli və bəzən ziddiyyətli yanaşmaların mövcudluğu isə bu sahənin mürəkkəbliyini göstərir. Bu səbəbdən terminlərin düzgün, dəqiq və vahid şəkildə işlədilməsi xüsusi əhəmiyyət daşıyır. Ə.Əmiraslanov lüğətin hazırlanmasını çətin və məsuliyyətli proses kimi dəyərləndirib, nəşri mühüm elmi hadisə adlandırıb və bu işdə əməyi olanlara təşəkkürünü bildirib.
Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev qeyd edib ki, ortaq terminoloji məkanın formalaşdırılması türk ölkələrinin intellektual inteqrasiyası üçün əsas istiqamətlərdən biridir. O bildirib ki, Akademiya bu istiqamətdə müxtəlif sahələr üzrə terminoloji lüğətlərin hazırlanmasını ardıcıl şəkildə həyata keçirir və təqdim olunan nəşr də bu fəaliyyətin davamıdır.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Terminologiya Komissiyası sədrinin müavini Sayalı Sadıqova, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, eləcə də Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Azərbaycandakı səfirləri və digər natiqlər çıxış ediblər.
Vurğulanıb ki, bu nəşr Türk dünyasında tibbi terminologiyanın sistemləşdirilməsi baxımından tarixi və mühüm elmi hadisədir. Natiqlər bildiriblər ki, lüğət müxtəlif türk dillərində yazılmış tibbi mətnlərin daha asan anlaşılmasına, eləcə də süni intellekt əsaslı tərcümə sistemlərinin inkişafına töhfə verəcək.
İki cilddən ibarət nəşrdə 8000-ə yaxın tibbi termin 11 dildə təqdim olunub. Terminlər əvvəlcə ingilis və rus dillərində, daha sonra isə Azərbaycan, başkırt, qazax, qarakalpak, qırğız, özbək, tatar, türk və türkmən dillərində verilib.
Kitab Türk Akademiyasının təşkilatçılığı, Azərbaycan Terminologiya Komissiyasının dəstəyi və 31 müəllifin iştirakı ilə hazırlanıb. Nəşrin əsasını azərbaycanlı alimlər Nuru Bayramov, Əhliman Əmiraslanov və Çingiz Rəhimov tərəfindən tərtib edilmiş terminlər təşkil edib.
AZƏRTAC-a açıqlamasında ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri tibb elmləri doktoru, professor Çingiz Rəhimov bildirib ki, “Türk dillərinin tibbi terminoloji lüğətləri” nəşri Türk dünyasının elmi və tibbi əməkdaşlığı baxımından mühüm və tarixi hadisə kimi dəyərləndirilir. İlk dəfə olaraq müxtəlif türk dillərində tibbi terminlər geniş izahlarla birlikdə sistemli şəkildə bir araya gətirilib: “Məlumdur ki, türk dövlətlərində bəzi tibbi terminlər fərqli şəkildə səslənir. Məqsədimiz türkdilli ölkələr arasında xüsusilə elm və tibb sahəsində daha sıx əməkdaşlığın qurulması, ortaq elmi platformanın formalaşdırılması və qarşılıqlı anlaşmanın gücləndirilməsidir. Bu əməkdaşlığın vacib şərtlərindən biri də ortaq terminoloji bazanın yaradılması və birgə layihələrin həyata keçirilməsidir”.
Professorun sözlərinə görə, lüğət həm Azərbaycan dilinin tibbi terminologiya baxımından zənginləşməsinə xidmət edir, həm də türk dilləri arasında elmi yaxınlığın və inteqrasiyanın möhkəmləndiyini göstərir: “Müxtəlif ölkələrdə tibbi terminoloji lüğətlər ayrıca nəşr olunsa da, bu layihə türk dillərinin ortaq elmi müstəvidə birləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.
Azərbaycanda stomatologiya sahəsi üzrə izahlı Azərbaycan–ingilis–rus dillərində lüğətin də hazırlandığını diqqətə çatdıran professor bildirib ki, layihənin ərsəyə gəlməsində geniş müəllif heyəti iştirak edib. Ümumilikdə lüğətə 8 minə yaxın tibbi termin daxildir.



Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova