Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib

Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib

Bakıda “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri professor Kamran Musayev Qafqazda ilk ürək transplantasiyasının Azərbaycan səhiyyəsinin tarixində mühüm mərhələ olduğunu deyib, ölkəmizin bu sahədə regional liderliyini bir daha təsdiqlədiyini vurğulayıb. Bildirib ki, ötən il Azərbaycan səhiyyə tarixi üçün unudulmaz hadisələrlə yadda qalıb. Onun sözlərinə görə, məhz 2025-ci ildə ölkəmizdə ilk dəfə beyin ölümü qeydə alınmış donordan orqan transplantasiyası həyata keçirilib.
“Sevindirici haldır ki, biz ürək cərrahları olaraq, bu tarixi prosesə qoşulduq və 2025-ci ildə iki uğurlu ürək transplantasiyası icra etdik. Bu əməliyyat Azərbaycanın Qafqaz regionunda donor orqandan ürək transplantasiyası sahəsində lider mövqeyini təsdiqlədi və region üçün bir ilk kimi tarixə düşdü”, – deyə professor vurğulayıb. O qeyd edib ki, canlı donordan transplantasiya ölkəmizdə əvvəllər də icra olunurdu, lakin ürək kimi tək orqanların transplantasiyası yalnız beyin ölümü baş vermiş donorlardan həyata keçirilə bilər: “Bu proses mürəkkəb və kompleks olub, həm qanunvericilik, həm sosial-psixoloji, həm də tibbi və cərrahi mərhələləri əhatə edir”.
Kamran Musayev bildirib ki, əldə olunan bu nailiyyətlərin təməlində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş səhiyyə strategiyası dayanır: “Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu gün Azərbaycanda orqan transplantasiyası kimi mürəkkəb və yüksək texnologiya tələb edən əməliyyatlar uğurla icra olunur”.
“2025-ci ildə biz azərbaycanlı cərrahlar olaraq iki xəstəyə ürək transplantasiyası icra etdik. Bu əməliyyatlar həm ölkəmizdə, həm də Qafqaz regionunda ilk oldu və tarixə düşdü. Bu hadisə yalnız bir klinikanın deyil, bütün Azərbaycan səhiyyəsinin tarixi nailiyyətidir”, – deyə Kamran Musayev vurğulayıb.
Professor əlavə edib ki, transplantasiya əməliyyatları davamlı proqram çərçivəsində planlaşdırılır və hazırda Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzində rəsmi qeydiyyatda olan çoxsaylı xəstələr mövcuddur. Kamran Musayev bütün vətəndaşları donor olmağa dəvət edib: “Gözləyən xəstələrin həyatı donorların mövcudluğuna bağlıdır. Media nümayəndələrinin dəstəyindən istifadə edərək donorluğu artırmağa çağırıram”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov çıxışında qeyd edib ki, orqan transplantasiyasının uğurla həyata keçirilməsi üçün beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası və effektiv icra mexanizmlərinin yaradılması həlledici əhəmiyyət daşıyır. O qeyd edib ki, 2020-ci ildə beynəlxalq transplantasiya standartlarına uyğun yeni qanun layihəsi hazırlanaraq qəbul olunub və həmin ilin oktyabrında Prezident İlham Əliyev tərəfindən təsdiqləndikdən sonra bu sahədə real icra mexanizmlərinin yaradılmasına başlanılıb. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin operativ fəaliyyəti nəticəsində transplantasiyanın həyata keçirilməsi üçün zəruri təşkilati mexanizmlər qısa müddətdə formalaşdırılıb.
“Bu prosesdə Koordinasiya Mərkəzinin yaradılması xüsusi rol oynayıb. Nəticədə, bu gün ölkəmizdə ürək transplantasiyası kimi yüksək peşəkarlıq və texnoloji imkanlar tələb edən əməliyyatları icra edə bilən peşəkar tibbi komanda mövcuddur”, – deyə Əhliman Əmiraslanov vurğulayıb.
Komitə sədri bildirib ki, indiyədək iki ürək transplantasiyasının uğurla icra edilməsi mühüm nailiyyətdir, lakin bu sahədə fəaliyyətin daha da genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, transplantasiya sisteminin dayanıqlı inkişafı üçün tibbi heyətin, koordinasiya strukturlarının və aidiyyəti qurumların birgə fəaliyyəti əsas şərtdir.
Əhliman Əmiraslanov bildirib ki, donor amili orqan transplantasiyasının əsas və həlledici şərtidir. Onun sözlərinə görə, Azərbaycanda ilk ürək transplantasiyalarının uğurla həyata keçirilməsindən sonra donorluğa maraq əhəmiyyətli dərəcədə artıb, orqan donoru olmaq istəyənlərin sayında artım müşahidə olunur. “Sevindirici haldır ki, bu uğurlu əməliyyatlardan sonra donor olmaq istəyənlərin sayı çoxalıb. Hətta bir sıra ictimai xadimlər, diplomatlar və ziyalılar donor olmaq niyyətlərini rəsmi sənədlərlə təsdiqləyiblər”, – deyə Əhliman Əmiraslanov qeyd edib.
Komitə sədri vurğulayıb ki, cəmiyyət bu uğurları gördükcə orqan donorluğuna münasibət də müsbət istiqamətdə dəyişir. Onun fikrincə, donorluğun təşviqi yalnız səhiyyə sisteminin deyil, bütün cəmiyyətin üzərinə düşən ümumi vəzifədir.
Akademik əlavə edib ki, deputatlar, ictimai xadimlər və kütləvi informasiya vasitələri bu sahədə maarifləndirmə işini gücləndirməli, əldə olunan tibbi nailiyyətlərin düzgün şəkildə ictimaiyyətə çatdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxışında diqqətə çatdırıb ki, Azərbaycanda orqan donorluğu və transplantasiyası sahəsində vahid və şəffaf idarəetmə sistemi formalaşdırılıb. Nazir müavini qeyd edib ki, 2022-ci ildə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyəti nəticəsində ölkədə transplantasiyaların aparılması, donor və resipiyentlərin qeydiyyatı, gözləmə siyahılarının formalaşdırılması və əməliyyatların monitorinqi sistemləşdirilib. “Mərkəz yaradılanadək transplantasiyalar sporadik xarakter daşıyırdı və vahid statistika mövcud deyildi. Hazırda isə bütün proseslər şəffaf mexanizmlər əsasında həyata keçirilir, donorların könüllülüyü xüsusi mexanizmlərlə yoxlanılır, etik məsələlərə ciddi nəzarət olunur”, – deyə Nadir Zeynalov bildirib.
O əlavə edib ki, transplantasiya sisteminin rəqəmsallaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam etdirilir.
Nadir Zeynalov vurğulayıb ki, ölkəmizdə ürək transplantasiyasının icrası təsadüfi hadisə deyil, illər ərzində mərhələli və məqsədyönlü şəkildə həyata keçirilən sistemli islahatların nəticəsidir. Nazir müavini bildirib ki, 2008-ci ildən etibarən Azərbaycanda orqan transplantasiyası canlı donorlardan icra olunub və bu sahədə mühüm təcrübə formalaşıb: “Meyit donordan orqan transplantasiyasına keçid isə yalnız hüquqi, institusional və tibbi baza formalaşdırıldıqdan sonra mümkün olub”.
Onun sözlərinə görə, 2020-ci ildə “Orqan transplantasiyası haqqında” yeni qanunun qəbul edilməsi bu sahədə fəaliyyətin hüquqi əsasını yaradıb və sonrakı bütün mərhələlərin başlanğıc nöqtəsi olub. Azərbaycanda ilk meyit donordan orqan transplantasiyasının həyata keçirilməsi transplantasiya sisteminin yeni mərhələyə keçdiyini göstərir.
Nazir müavini bildirib ki, meyit donordan orqan köçürülməsinin əsas şərti olan beyin ölümü diaqnozunun qoyulması sahəsində uzun müddət tərəddüdlər mövcud olub. Bu səbəbdən Səhiyyə Nazirliyi tərəfindən geniş maarifləndirmə tədbirləri həyata keçirilib, metodiki tövsiyələr hazırlanıb, həkimlər üçün təlim və seminarlar təşkil olunub.
“2024-cü ildən etibarən ölkəmizdə beyin ölümü diaqnozları qoyulmağa başlanılıb. 2025-ci ildə isə ilk dəfə olaraq ailənin razılığı ilə meyit donordan orqan transplantasiyası həyata keçirilib. Sonrakı dövrdə bir neçə belə transplantasiya baş verib və bu, mexanizmin artıq işlədiyini göstərir”, – deyə Nadir Zeynalov vurğulayıb.
Nazir müavini qeyd edib ki, bu proses həm cəmiyyət tərəfindən qəbul olunmağa başlayıb, həm də həkimlərin və transplantasiya komandalarının texniki və peşəkar hazırlığının kifayət qədər yüksək olduğunu sübut edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova səhiyyənin yeni maliyyələşmə mexanizmi haqqında danışıb. Bildirib ki, icbari sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmət və prosedurların sayı daim artırılır. O cümlədən, transplantasiya əməliyyatları da Xidmətlər Zərfinə daxil edilib.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova qeyd edib ki, Qafqazda ilk ürək transplantasiyası əməliyyatının Azərbaycanda icra olunması uzun illər ərzində mərhələli şəkildə aparılan sistemli islahatların nəticəsidir. Bildirib ki, Koordinasiya Mərkəzinin yaradılması üçün ilk növbədə hüquqi baza formalaşdırılıb: “Bu istiqamətdə Milli Məclisin Səhiyyə Komitəsi və Səhiyyə Nazirliyi tərəfindən zəruri normativ sənədlər hazırlanıb və qəbul edilib”.
Yeganə Abbasovanın sözlərinə görə, 2022-ci ildə Vahid İnformasiya Bazası haqqında Əsasnamə təsdiq olunub və bundan sonra ölkədə orqan transplantasiyası sahəsində vahid rəqəmsal sistem yaradılmağa başlayıb: “Bu sistemə reanimasiya şöbələrində süni tənəffüs aparatları olan bütün xəstəxanalar, transplantasiya əməliyyatları icra edən tibb müəssisələri və orqan transplantasiyasını gözləyən pasiyentlərin siyahıları daxil edilib”.
Koordinasiya Mərkəzinin sədri qeyd edib ki, həmin sistem vasitəsilə böyrək, qaraciyər, ürək, buynuz qişa və sümük iliyi transplantasiyasını gözləyən şəxslərin növbəliliyi şəffaf və mərkəzləşdirilmiş qaydada aparılır.
Yeganə Abbasova Azərbaycanda meyit donordan orqan transplantasiyasının başlanması donorluğa ictimai marağın əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Onun sözlərinə görə, beyin ölümü diaqnozunun qoyulması üzrə protokol hazırlanıb və 2023-cü ildən etibarən Həkimləri Təkmilləşdirmə İnstitutunda anesteziologiya və reanimatologiya ixtisasları üzrə tədris proqramına daxil edilib. Bu sahədə həkimlər üçün təlimlər və geniş maarifləndirmə tədbirləri həyata keçirilib.
Mərkəzin sədri qeyd edib ki, maarifləndirmə işlərində Təhsil Nazirliyi, ali təhsil müəssisələri, TƏBİB və kütləvi informasiya vasitələri fəal iştirak edib. 4 avqust 2023-cü ildən transplantasiya əməliyyatlarının icbari tibbi sığorta zərfinə daxil edilməsi isə bu sahədə mühüm dönüş nöqtəsi olub. “Koordinasiya Mərkəzi yaradılarkən donor kimi qeydiyyatdan keçənlərin sayı cəmi 50 nəfər idi. İlk meyit donordan orqan transplantasiyasından sonra bu rəqəm 1200-ü keçib. Bu, Azərbaycan cəmiyyətinin humanist dəyərlərə sadiqliyinin göstəricisidir”, – deyə Yeganə Abbasova vurğulayıb.
O bildirib ki, hazırda Azərbaycan üzrə minlərlə xəstə donor orqanı gözləyir və bu sırada 4 642 Azərbaycan vətəndaşı da var. Onların çoxu canlı donor tapmadıqları üçün rəsmi gözləmə siyahısında yer almır.
“Donor olmaq üçün bir sıra şərtlər mövcuddur. Meyit donorlarında beyin ölümü təsdiqlənməli, orqanlar sağlam və transplantasiya üçün uyğun olmalıdır. Canlı donor yalnız bəzi orqanlar, məsələn, böyrək və qaraciyər verə bilər. Bu, hər kəs üçün mümkün olan bir şərəfdir, amma hər kəsə qismət olmur”, – deyə mərkəzin rəhbəri vurğulayıb.
O, həmçinin qeyd edib ki, vahid informasiya sistemi xəstələr və donorlar arasında uyğunluğu avtomatik müəyyən edir. “Məsələn, donor çıxarsa, sistem xəstələr arasında uyğunluğu genetik və klinik göstəricilər əsasında seçir. Bu proses heç kim tərəfindən əvvəlcədən proqnozlaşdırıla bilməz”, – deyə o bildirib.
Yeganə Abbasova orqan donorluğu və transplantasiya sahəsində maarifləndirmə işlərinin genişləndirildiyini, bunun yalnız Səhiyyə Nazirliyinin deyil, Elm və Təhsil Nazirliyi, eləcə də digər dövlət qurumlarının birgə təşəbbüsü olduğunu qeyd edib.
Qafqazda ilk dəfə ürək transplantasiyası əməliyyatının icra olunduğu Rəşad Məmmədəliyev əməliyyatdan sonra həyatındakı dəyişikliklər və gündəlik qayğıları barədə danışıb. O, əməliyyatdan əvvəl hərəkət etməkdə çətinlik çəkdiyini, nəfəs darlığı və yorğunluq yaşadığını bildirib. “Amma indi çox yaxşıyam. Əməliyyatdan dörd ay keçib, rahat gəzə və hərəkət edə bilirəm”, – deyə Rəşad Məmmədəliyev bildirib.
Pasiyent gündəlik diqqət etdiyi məqamlar barədə də danışıb: “Dərmanlarımı qəbul edirəm. Bəzi dərmanlar ömürlükdür, bəziləri isə müəyyən müddət üçündür. Yeməyim normaldır, gündə üç dəfə qida qəbul edirəm. Hərəkətim əvvəlki kimi çətin deyil və qorxu yoxdur”.
R.Məmmədəliyev əməliyyatın müddətindən də söz açıb: “Əməliyyat 5-6 saat davam etdi. Başqasının ürəyini daşımaq hissi mənim üçün çox məsuliyyətlidir, amma normal insan kimi yaşayıram. Donorun ailəsinə və əməliyyatda iştirak edən hər kəsə təşəkkür edirəm”.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Ramil Əliyev məlumat verib ki, son iki ildə Azərbaycanda 11 mindən çox açıq ürək əməliyyatı həyata keçirilib. O bildirib ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti qurulduğu gündən 20 il ərzində ölkə səhiyyəsinə böyük töhfələr verib: “Cəmiyyət həm səhiyyə sistemində sertifikasiya və standartlaşdırma işlərinə, həm də bilik-praktik fəaliyyətlərin birləşdirilməsinə çalışıb”.
Onun sözlərinə görə, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi açıq ürək əməliyyatlarının sayının xeyli artmasına səbəb olub: “2005-ci ildə ölkədə cəmi bir açıq ürək əməliyyatı həyata keçirilib. Lakin son iki il ərzində icbari tibbi sığortanın tətbiqi ilə bu rəqəm əhəmiyyətli dərəcədə artıb”.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru Yasmin Rüstəmova vurğulayıb ki, Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzlərinin fəaliyyətə başlamasına zərurət var. O, qeyd edib ki, bəzi xəstələrdə ürək transplantasiyasına ehtiyac yaransa da, əməliyyatın həyata keçirilməsi hər zaman risklər daşıyır: “Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzləri fəaliyyət göstərsə, xəstələrə transplantasiya əməliyyatının texniki və klinik imkanları, habelə əməliyyatdan sonra sağ qalma perspektivi dəqiqliklə müəyyən edilə bilər”.
Cəmiyyətin sədri əlavə edib ki, belə mərkəzlərin yaradılması diaqnostika və müalicə prosesini optimallaşdıraraq xəstələrin sağlamlıq nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Sonra “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masa çərçivəsində məruzələr dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, tədbir Səhiyyə Nazirliyi, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.


Xəbəri paylaş



Mart 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova