Lənkəranda uşaqların peyvəndlənməsi ilə bağlı növbəti maarifləndirmə tədbiri keçirilib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Pediatriya Cəmiyyəti (AzPC) Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə, Avropa İttifaqının maliyyə dəstəyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə Lənkəran şəhərində uşaqların peyvəndlənməsi ilə bağlı növbəti maarifləndirmə tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, silsilə şəklində müxtəlif regionlarda təşkil olunan “Mifə yox, elmi sübutlara inanaq: Peyvəndlə bağlı biliklərin artırılması üzrə təlim” adlı tədbir ÜST-nin “Avropa İmmunlaşdırma Gündəliyi – 2030” təşəbbüsünə uyğun olaraq “Heç bir uşağı peyvənddən kənarda qoymayaq” şüarı altında keçirilib.
Təlim tibb işçilərinin və valideynlərin peyvəndlənmə ilə bağlı məlumatlılığını artırmaq və peyvəndlərlə bağlı yanlış təsəvvürləri aradan qaldırmaq məqsədi daşıyıb.
Təlimə Lənkəran, Lerik, Yardımlı, Masallı və Astara rayonlarında fəaliyyət göstərən 100 nəfərə yaxın pediatr, tibb bacısı və qardaşı, həmçinin peyvənddən imtina edən valideynlər cəlb olunub.
Tədbirin birinci hissəsində AzPC-nin İdarə Heyətinin üzvləri və Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri Nigar Bayramova, Erkin Rəhimov və Əli Quliyev tərəfindən valideynlərlə peyvəndlə bağlı tərəddüdlər barəsində müzakirələr aparılıb və onların sualları cavablandırılıb. Görüşdə mütəxəssislər son dövrdə yayılan qızılca xəstəliyindən qorunmaq üçün uşaqların peyvənd olunması ilə bağlı valideynlərə çağırış ediblər.
Günün ikinci hissəsində isə AzPC-nin mütəxəssisləri tibb işçiləri üçün uşaq vaksinasiyası, peyvəndlə qarşısı alına bilən xəstəliklərin ağırlaşmaları, yanlış əks göstərişlər və s. mövzuları əhatə edən sessiyalar keçiriblər.
Tədbirin sonunda tibb işçiləri və valideynlər bu kimi canlı müzakirə əsasında təşkil olunan maarifləndirmə tədbirlərinin çox faydalı olduğunu bildiriblər.
Diqqətə çatdıraq ki, ilk maarifləndirmə tədbiri ötən ay Şirvan şəhərində 100-dən çox tibb işçisi və 50-yə yaxın valideynin iştirakı ilə baş tutmuşdu. Növbəti aylarda Bakı, Gəncə, Quba və Şəkidə eyni məzmunlu tədbirlərin təşkil olunması davam etdiriləcək.