Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi keçirilib
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisi Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi çərçivəsində Milli Konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, üç gün davam edən milli konfransda beynəlxalq mütəxəssis qrupu, Gürcüstan, Qazaxıstan və Türkiyədən proqram üzrə məsul şəxslər, özəl sektor, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Azərbaycandan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universiteti, Tibbi Kollec, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, AQTA və s. qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə antimikrob preparatlara qarşı davamlılıq, infeksiyaların profilaktikası və infeksion nəzarət, “Vahid Sağlamlıq” barədə maarifləndirməni artırmaq, bu sahələrdə çalışan agentliklər, qurumlar və təşkilatlar arasında əməkdaşlığı gücləndirməklə bağlı məsələlər ətrafında çıxışlar dinlənilib, COVID-19 və səhiyyədə digər fövqəladə hallarla bağlı əldə olunmuş təcrübələrdən danışılıb, fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın yolları müzakirə edilib.
Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova milli konfransda çıxışında bildirib ki, yaxın gələcəkdə Azərbaycanda elektron resept sisteminə keçid nəzərdə tutulur. Bu sistemin tətbiqindən sonra apteklərdən antibiotikləri reseptsiz almaq mümkün olmayacaq.
O xatırladıb ki, qanunvericilikdə antibiotiklər reseptlə satılan dərmanlar sırasına daxil edilib. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, Səhiyyə Nazirliyinə bu ilin sonunadək elektron resept sisteminin tətbiqi tapşırılıb. Bu sistem Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. Bu, reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək.