Səhiyyə Nazirliyində bir sıra aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlığın inkişafı müzakirə olunub
Səhiyyə Nazirliyində bir sıra aparıcı beynəlxalq şirkətlərin rəhbərləri ilə görüş keçirilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, beynəlxalq müstəvidə aparıcı şirkətlərdən olan Avstriyanın tibb avadanlıqları istehsalçısı “Meteka”nın rəhbəri Roland Katşniq və “Qatar Pharma”nın idarə heyətinin sədri Əhməd Məhəmməd əl-Hayyi əs-Suleyti ilə keçirilən görüşdə səhiyyə və əczaçılıq sahəsində əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması və beynəlxalq aparıcı şirkətlərin ölkəmizlə fəaliyyət istiqamətləri müzakirə olunub.
Görüşdə qonaqlara məlumat verilib ki, Azərbaycanda səhiyyənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir, bu sahədə müasir tendensiyalar və innovasiya təşəbbüsləri davamlı tətbiq olunur. Qeyd edilib ki, hazırda Azərbaycanda digər sahələrlə yanaşı, səhiyyədə də dövlət - özəl tərəfdaşlığının genişləndirilməsi və iqtisadi baxımdan sektorun inkişaf səmərəliliyinin artırılması istiqamətində ardıcıl layihələr icra olunur. Nazir Teymur Musayev bildirib ki, səhiyyədə innovativ nailiyyətlərin tətbiqi, yüksək texnologiyalı əczaçılıq sənayesinin qurulması və inkişafi, tibb xidməti göstərən müəssisələrin müasir standartlar əsasında yenilənməsində aparıcı şirkətlərlə qarşılıqlı əməkdaşlıq mühüm rol oynayır.
Görüşdə “Meteka” şirkətinin dünyada ilk dəfə olaraq tibbi tullantıların dezinfeksiyası üçün cihazlar hazırladığı, “Qatar Pharma”nın isə yüksəkkeyfiyyətli dərman istehsalı üzrə ixtisaslaşdığı bildirilib.
Görüşün sonunda tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi və maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.