Üçüncü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi keçirilib
Bakı Ekspo Mərkəzində III Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin (“Medinex”) açılışı olub.
Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, açılış mərasimində səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.
“Medinex” sərgisi sənaye mütəxəssislərinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar mübadiləsi aparmaq və sərfəli müqavilələr bağlamaq imkanı yaradan səmərəli platformadır.
Builki sərgi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi kimi əlamətdar bir ilə təsadüf edir. Bu münasibətlə sərginin təqdimat zonasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Tibbi İnnovasiyalar Forumu təşkil olunub. Bu il həmçinin təbabətin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da anadan olmasının 100-cü ildönümü qeyd edilir. Sərgidə bu əlamətdar hadisəyə həsr olunan oftalmologiya mövzusunda panel müzakirəsi keçirilib.
Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisinin açılış mərasimində çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, ölkə səhiyyəsinin inkişafı Azərbaycan dövlətinin fəaliyyətində əsas istiqamətlərdən biridir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə müasir səhiyyə infrastrukturu obyektləri inşa edilir, tibb müəssisələri ən son texnoloji avadanlıqlarla təchiz olunur və maddi-texniki baza gücləndirilir”.
Ölkədə tibb elminin və səhiyyənin inkişafında toxunan Teymur Musayev deyib: “Ölkə rəhbərliyi tərəfindən Səhiyyə Nazirliyinin qarşısında müəyyən olunan əsas vəzifələrdən biri də milli səhiyyə sistemində tibb elminin nailiyyətlərinin tətbiqini təmin etməkdir. Tibb mütəxəssislərimiz əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlik fəaliyyətlərində peşəkarlığın artırılmasına xüsusi yer ayırır, bilik və bacarıqlarının səhiyyənin daim yenilənən tələblərinə uyğunlaşdırılması üçün səhiyyə sektorundakı dəyişiklikləri yaxından izləyirlər”.
Nazir bildirib ki, əsas vəzifələrdən biri də milli səhiyyə sistemində tibb elminin nailiyyətlərinin tətbiqini təmin etməkdir: "Bu baxımdan, nazirlik tibb ictimaiyyətinə innovativ məhsulların tanıdılmasına, mütəxəssislərin müasir trendləri izləməsinə, elmi-texniki nailiyyətlərin tətbiqinə imkan yaradan sərgilərin təşkilini yüksək qiymətləndirir və dəstəkləyir. Səhiyyə sektoru qlobal miqyasda ən sürətlə inkişaf edən sahələrdən biridir. Bugünkü şəraitdə uğur qazanılması üçün keyfiyyətli məhsulların istehsalı qədər onların tanıdılması da əhəmiyyətlidir. COVID-19 pandemiyası hər bir ölkənin özünü tibbi məhsullarla təmin edə bilməsinin strateji məsələ olduğunu önə çıxartdı. Bu gün burada qurulan münasibətlərin qarşılıqlı biznes maraqlarının yüksəldilməsinə, investisiya yatırımlarının artırılmasına və əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcəyinə inanıram".
Tibbi sərgilərin 30 ildən artıqdır keçirildiyini, bu sərginin həmin müsbət ənənənin davamı olduğunu deyən nazir artıq 3-cü dəfədir ki, təşkil olunan “Medinex” sərgisinin həm tibb mütəxəssislərinin yeniliklərlə tanışlığı, həm biznes nümayəndələri arasında qarşılıqlı əlaqələrinin inkişafı, həm də hər bir vətəndaşımızın sağlamlığının yaxşılaşdırılması sahəsində davamlı platforma rolunu oynayacağına əminliyini ifadə edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün ölkəmizdə səhiyyə sahəsində aparılan əsas islahatlardan, o cümlədən icbari tibbi sığortanın tətbiqindən danışıb: “Bu sərgi icbari tibbi sığorta haqqında məlumatların ölkəmizin geniş vətəndaş kütləsinə çatdırılmasına imkan verən, ölkədəki dövlət və özəl tibb müəssisələri arasında əməkdaşlığın qurulmasına şərait yaradan platformalardan biridir”.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ölkədə səhiyyənin inkişafının əsas istiqamətləri, o cümlədən, ölkə vətəndaşlarının sağlamlığının qorunması, tibb sahəsində innovasiyaların tətbiq edilməsi məsələləri haqqında ümumi məlumat verib. O bildirib ki, sərgi tibb sahəsində yeni məhsulların və texnologiyaların geniş şəkildə təqdim olunmasını əsas məqsəd kimi öz qarşısına qoyub.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov belə sərgilərin səhiyyənin inkişafında yeni imkanlar yaratdığını bildirib: “Bu tədbir tibb sahəsinin həm təcrübəli, həm də gənc mütəxəssisləri, ixtisaslaşdırılmış təhsil müəssisələrinin rezidentləri və tələbələri üçün çox vacibdir. Sərgi çərçivəsində keçirilməsi nəzərdə tutulan praktiki və elmi tədbirlər gənc mütəxəssislərin inkişafı və yeni biliklərə yiyələnməsində mühüm rol oynaya bilər”.
Ümumilikdə 14 ölkədən 100 şirkətin qatıldığı sərgidə aparıcı yerli və xarici istehsalçılar və distribüterlər ölkə klinikalarının təkmilləşdirilməsinə, istehlakçıların tələblərinin ödənməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim ediblər. İştirakçı ölkələr arasında Azərbaycan, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya, Fransa, Qazaxıstan, Qətər, Misir, Türkiyə və s. ölkələr yer alıb. Sərgidə xarici şirkətlərlə yanaşı, tibbi avadanlıqların aparıcı yerli distribüterləri, qlobal istehsalçıların tərəfdaşları, eləcə də “Made in Azerbaijan” brendi altında məhsulların yerli istehsalçıları da iştirak ediblər.
Bu il sərgidə xüsusi olaraq Belarus və Qazaxıstan, bundan başqa, Rusiyanın müxtəlif vilayətləri – Yaroslavl, Moskva, Sverdlovsk vilayətləri, eləcə də Tatarıstan Respublikası öz kollektiv stendləri ilə çıxış ediblər.