“Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində”

“Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində”

Milli Məclisdə bu mövzuda ictimai dinləmə keçirilib

Milli Məclisin Səhiyyə və Ailə, qadın və uşaq məsələləri komitələrində “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda birgə ictimai dinləmə keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə görə, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müzakirəyə çıxarılan mövzunun vacibliyindən danışıb, ailənin həm şəxsiyyət, həm də cəmiyyət üçün böyük əhəmiyyətə malik ümumbəşəri dəyər olduğunu qeyd edib. O, ailə təsisatını sosial, mədəni, iqtisadi və siyasi dəyişiklikləri əks etdirən dinamik sosial qurum kimi dəyərləndirib.
Hicran Hüseynova Ulu Öndər Heydər Əliyevin cəmiyyətin inkişafında ailənin, ailə münasibətlərinin rolunu yüksək qiymətləndirdiyini bildirib. Ailə Məcəlləsinin qəbul edilməsini bu sahədə önəmli addım adlandıran komitə sədri ailələrin sağlam mühitinin təşkili, ailə üzvlərinin hüquqlarının qorunması istiqamətində qanunvericilik bazasının davamlı olaraq təkmilləşdirildiyini deyib.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dinləmədə müzakirə olunan məsələnin aktuallığını vurğulayıb, ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən danışıb. Komitə sədri ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə daim diqqət və qayğı ilə yanaşdıqlarını qeyd edib, dövlət başçısı tərəfindən ana və uşaqların hüquqlarının təmin edilməsi, onların sağlamlığının qorunması ilə bağlı bir çox sənədlər imzalandığını xatırladıb. O, Milli Məclisdə də bu sahənin qanunvericilik bazasının daim təkmilləşdirildiyini söyləyib.
Əhliman Əmiraslanov çıxışında ölkədə ana və uşaq ölümü ilə bağlı vəziyyətdən, bu problemin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. O, səhiyyə qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının yaxşılaşdırılması, mütəxəssislərin hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini qeyd edən komitə sədri Ailə Məcəlləsinə edilən dəyişiklikləri, qəbul olunan digər qanunvericilik aktlarını diqqətə çatdırıb.
İctimai dinləmədə səhiyyə nazirinin müavini İlqar Qasımov Səhiyyə Nazirliyinin ana ölümü ilə və ölümlə nəticələnməyən ağırlaşmalarla bağlı fəaliyyəti barədə danışıb. O bildirib ki, regionlarda selektiv abortlarla bağlı maarifləndirmə işləri aparılır və görülən işlərin müsbət dinamikası müşahidə olunmaqdadır.
Tədbirdə həmçinin elm və təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova mövzunun aktuallıq kəsb edən müxtəlif aspektlərindən danışıblar.
Müzakirələrdə deputatlar Kamilə Əliyeva, Sədaqət Vəliyeva, Müşfiq Məmmədli, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi İmran Əliyev, Ədliyyə Nazirliyinin baş məsləhətçisi Aygün Şahbanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova çıxış ediblər. Ailə təsisatının möhkəmləndirilməsi, erkən nikahların qarşısının alınması, qadın və uşaqların sağlamlığının qorunması, ailələrin sosial rifahının yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Çıxışlarda bu gün ölkəmizdə ailə siyasəti sahəsində möhkəm qanunvericilik bazasının olduğu bildirilib.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbirə yekun vuraraq, məsələnin vacibliyini bir daha qeyd edib və səsləndirilən təkliflərə münasibət bildirib.
İctimai dinləmədə Bakı şəhər Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, aidiyyəti qurumların nümayəndələri, Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova