Könüllü qanvermə aksiyaları təşkil olunub

Könüllü qanvermə aksiyaları təşkil olunub

İrsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə sentyabr ayında bir sıra könüllü qanvermə aksiyası keçirilib.
Onlardan biri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində təşkil edilib. Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, “AzerGold”, eləcə də onun törəmə şirkətləri olan “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və “AzerBlast” MMC-nin əməkdaşları könüllü olaraq aksiyada iştirak edərək, qan veriblər.
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin (MHTM) xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən əvvəlcə hər bir donorun sağlamlığı müvafiq tibbi müayinə ilə yoxlanılıb, daha sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı laboratoriya şəraitində yoxlanılaraq, talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.
Digər aksiya Suraxanı Rayon İcra Hakimiyyəti və MHTM-nin birgə təşəbbüsü ilə təşkil olunub. Aksiya zamanı 100 nəfərə yaxın könüllüdən qan götürülüb.
Növbəti qanvermə aksiyası “Avrora” MMC-də keçirilib. Şirkətin mərkəzi ofisində Avrora Qrup və MHTM Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılan aksiyada şirkətin istehsal, ofis və satış əməkdaşları iştirak ediblər. Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib və səhhətində problemi olmayan donorlardan qan götürülüb.
Daha bir aksiya “Dəniz Mall” ticarət mərkəzinin dəstəyi və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin təşkilatçılığı, həmçinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının tərəfdaşlığı ilə həmin ticarət mərkəzində baş tutub. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, “Sağlam olaq, donor olaq” şüarı altında keçirilən aksiyada toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.
27 Sentyabr – Anım Günü ilə əlaqədar “Hər damla qan – qurtarılan bir can!” devizi altında qanvermə aksiyası keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aksiya “ASAN xidmət”in, “ASAN Könüllüləri” Təşkilatının və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub. 7 saylı Bakı “ASAN xidmət” mərkəzində gerçəkləşən tədbirdə xidmətin əməkdaşları və könüllülərlə yanaşı, vətəndaşlar da iştirak ediblər.
Könüllü qanvermə aksiyalarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də qoşulub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Anım Gününə həsr olunmuş könüllü qanvermə aksiyasında Mərkəzi Qan Bankının xüsusi tibbi briqadasının həkim-hematoloqları donorların sağlamlıq vəziyyətini müəyyən etdikdən sonra onlardan qan götürüblər. Qan nümunələri laboratoriyada bir daha müayinə edildikdən sonra qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova