Kardiologiyanın aktual elmi və praktiki aspektləri müzakirə olunub
"Heydər Əliyev İli" çərçivəsində “Kardiologiyada komorbid hallarda nə etməli?” mövzusunda debat-müzakirə formatında elmi-praktik konfrans keçirilib.
Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən təşkil edilən tədbir Ümumdünya Ürək Gününə həsr olunub.
Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın və Türkiyənin tanınmış elm xadimləri, tibb müəssisələrinin nümayəndələri, Azərbaycan Tibb Universitetinin müəllim və tələbələri, eləcə də “ETKİ könüllüləri” iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına ETKİ-nin “Ürəyinizi qoruyun” layihəsi çərçivəsində hazırlanmış videoçarx nümayiş olunub.
ETKİ-nin direktoru Gülnaz Dadaşova öz çıxışında Ulu Öndərin ölkəmizdə səhiyyə sahəsində gördüyü mühüm işlərdən, Prezident İlham Əliyevin rəhbərliyi altında əhalinin sağlamlığının qorunması istiqamətində atılan addımlardan bəhs edib. O, konfransın ölkəmizdə kardiologiyanın inkişafına böyük töhfə verəcəyini bildirib.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, həkim-kardioloq Rəşad Mahmudov Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində Azərbaycan səhiyyəsinin gündən-günə inkişaf etdiyini, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin getdikcə artdığını qeyd ediblər.
İzmir Medicana Beynəlxalq Xəstəxanasının professoru Suat Büket Azərbaycanda kardiologiya və kardiovaskulyar cərrahiyyə sahəsində irəliləyişlər olduğunu, ölkəmizdə aparılan kardioloji əməliyyatların Türkiyədə icra olunan əməliyyatlardan çox da fərqlənmədiyini diqqətə çatdırıb.
300-ə yaxın həkimin iştirakı ilə keçirilən konfransda kardiologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.