“Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər”

Naxçıvanda bu mövzuda konfrans keçirilib
Naxçıvanda 29 Sentyabr – Ümumdünya Ürək Günündə “Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş konfrans Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Naxçıvan Baş Gömrük İdarəsinin və Naxçıvan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə təşkil olunub
Konfransda Milli Məclisin və Naxçıvan Ali Məclisinin deputatları, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, Türkiyə Respublikasının tanınmış mütəxəssisləri, Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsinin tələbələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib, iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, Ümummilli Lider Heydər Əliyev mürəkkəb geosiyasi şəraitdə, siyasi formasiyaların dəyişdiyi bir mərhələdə xilaskarlıq missiyasını öz üzərinə götürərək ölkəmizin müstəqilliyini təmin etdi və onu beynəlxalq birliyin etibarlı üzvlərindən birinə çevirdi. Qeyd olunub ki, Naxçıvanda baş tutan elmi konfrans tibb sahəsində faydalı müzakirələrin, fikir mübadiləsinin aparılmasına şərait yaradacaq.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə komitəsinin sədri Hicran Hüseynova, Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Naxçıvan Tibb Müəssisələrinin İdarəetmə Birliyinin Müşahidə Şurasının sədri Ləman İbrahimova, Naxçıvan Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova, Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova və NDU-nun rektoru Elbrus İsayev Ümummilli Lider Heydər Əliyevin ölkəmiz, xalqımız qarşısındakı müstəsna xidmətlərindən, tibb sahəsinin inkişafı istiqamətində atdığı addımlardan bəhs edib, həmçinin konfransın əhəmiyyətini xüsusi vurğulayıblar.
Toplantıda “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı videoçarx nümayiş olunub.
Tədbirin elmi hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Əməkdar həkim Rəşad Mahmudov, Ege Universitetinin Tibb fakültəsinin Kardiovaskulyar cərrahiyyə şöbəsinin ürək-damar cərrahı, professor Çağatay Engin, Medicana İnternational İzmir Xəstəxanasının ürək-damar cərrahı, professor Suat Büket, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, uzman invaziv kardioloq İlqar Tahiroğlu, KVC şöbəsinin rəisi, uzman ürək-damar cərrahı Elməddin Əliyev və digər mütəxəssislər təqdimatlarla çıxış ediblər.
Həkim, rezident və NDU-nun tələbələri üçün nəzərdə tutulan konfransda yüksəkixtisaslı mütəxəssislər tərəfindən kardiologiya və kardiovaskulyar cərrahiyyədə müasir trendlərlə bağlı təqdimatlar nümayiş olunub və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunaraq 10 DTT balı ilə qiymətləndirilib. Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar təqdim edilib.
Xəbəri paylaş