Müəssisə sahibkarları inzibati qaydada cərimə olundular
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, 2015-ci ilin fevral ayı ərzində ölkənin sanitariya-epidemioloji xidmət orqanları yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 80 müəssisənin sahibkarını inzibati qaydada cərimə edib, həmçinin 5 obyektin istismarının dayandırılması barədə qərar qəbul olunub, 7 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Həmin müddətdə orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 377, mikrobioloji göstəricilərinə görə 266, toksikoloji göstəricilərinə görə 23 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub, onların 2-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən edilib.
Şadlıq evlərindən 1267 yaxma nümunəsi götürülüb, onların 5-də mikrobioloji çirklənmə aşkarlanıb.
Fevral ayı ərzində əhali arasında 62 qida zəhərlənməsi hadisəsi baş verib, 78 nəfər zərərçəkən olub. O cümlədən 2 botulizm hadisəsində 3 nəfər bu xəstəliyə tutulub.