“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti qanvermə aksiyası keçirilib
![“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti qanvermə aksiyası keçirilib](/uploads/posts/2023-09/1694163441_16927787402085429861_1200x630.jpg)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunda könüllü qanvermə aksiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, talassemiyadan əziyyət çəkən uşaqlar üçün qan toplamaq məqsədilə keçirilən aksiyada Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun kollektivləri iştirak edib.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları hər bir donorun sağlamlığını yoxladıqdan sonra qan götürüblər. Toplanılan qandan ehtiyacı olan xəstələrin müalicəsi üçün istifadə ediləcək.
Daha bir könüllü qanvermə aksiyası Kənd Təsərrüfatı Nazirliyində keçirilib. Hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi daşıyan aksiya Kənd Təsərrüfatı Nazirliyinin və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşəbbüsü ilə baş tutub.
Aksiyada Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, nazirliyin və tabeli qurumlarının əməkdaşları, Aqrar İnkişaf Könüllüləri iştirak ediblər.
Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin savab iş olduğunu vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.
Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.