İcbari tibbi sığortanın xidmətlər zərfinə yeni tibbi xidmətlər əlavə olunub

İcbari tibbi sığortanın xidmətlər zərfinə yeni tibbi xidmətlər əlavə olunub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzası ilə Nazirlər Kabinetinin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə Qərarı qəbul olunub.
Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 794 yeni tibbi xidmət əlavə edilib. Nəticədə, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayı artaraq 3 344-ə çatıb.
AZƏRTAC-ın verdiyi məlumata görə, yeni əlavə olunan tibbi xidmətlər ixtisaslaşdırılmış ambulator, laboratoriya, invaziv radioloji və stasionar tibbi xidmətlərdir. Bunların sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da daxildir.
Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib. Bu transplantasiya əməliyyatları zamanı və transplantasiyadan sonra resipiyentin dərman təchizatı da xidmətlər zərfi ilə təminata alınıb. Qeyd edək ki, transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.
Təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər əlavə olunub.
Eyni zamanda, 1390 tibbi xidmətin tarifi dəyişdirilərək aktual bazar qiymətlərinə uyğunlaşdırılıb. Tarifləri artırılan xidmətlərə misal olaraq ixtisaslaşdırılmış ambulator tibbi xidmət üzrə ixtisaslı həkim müayinəsini (17 manatdan 25 manata artıb), ginekoloqun müayinəsini (USM ilə; 25 manatdan 35 manata artıb), laboratoriya xidməti üzrə Hepatit B səthi anticisminin (HBsAb) (5 manatdan 16 manata artıb), Kalsiferolun (Vitamin D; 13 manatdan 21 manata artıb) təyin edilməsini, stasionar tibbi xidmətlər üzrə doğuşa əllə yardımı (350 manatdan 500 manata artıb), tək koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatını (4 min manatdan 4 500 manata artıb) qeyd etmək olar.
Xidmətlər zərfinə edilmiş digər dəyişikliklərə əsasən, il ərzində limit sayı 300 olan koxlear implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatları üzrə sığorta limiti ləğv olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova